Prezidentin qonaq olduğu Orucovlar ailəsindən reportaj – FOTO

Prezidentin qonaq olduğu Orucovlar ailəsindən reportaj – FOTO

Hazırda oxunan: Prezidentin qonaq olduğu Orucovlar ailəsindən reportaj – FOTO

235879

37 il… Bir ömrün yarısı qədər uzun bir zaman. Bu illər ərzində minlərlə insan doğma yurd həsrəti ilə yaşadı, torpağını görmədən dünyadan köçdü. Amma zaman gəldi, ümidini itirməyənlər üçün yeni bir səhifə açıldı. İllər sonra Ballıca kəndinin sakinlərinin doğma torpaqlarına qayıdışı artıq gerçək olub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Əvəz Orucov uzun illər bu kənddə yaşayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Ballıca sakinlərinin EVİNDƏ - FOTO


Amma həyatının böyük hissəsi köçkünlükdə keçib. O, 1987-ci ildə oğlunun Ballıcada göz açdığını deyir. Lakin bu xoşbəxtlik uzun sürməyib.

“1988-ci ildə ermənilər bizə təzyiq göstərməyə, evimizi daşlayıb, yandırmağa başladılar. Məcbur qalıb Xocalının mərkəzi hissəsinə köçdük. 1992-ci ildə isə Xocalı faciəsi baş verdi. Oradan da min bir əziyyətlə Ağcabədiyə getdik”, - deyə Əvəz Orucov həmin dəhşətli günləri xatırlayır.
Ailə müxtəlif rayonlarda məskunlaşaraq köçkün həyatının bütün çətinliklərini yaşayıb.

Əvəz Orucov bildirir ki, Ağcabədidən sonra atası ilə birlikdə İsmayıllının Vəng kəndində məskunlaşıblar:

“Topxana deyilən ərazidə bizə yer verdilər, palatka qurub, yavaş-yavaş özümüzə şərait yaratmağa başladıq. O illər çox çətin idi. Çörək tapmaq mümkün olmurdu. Çörək qıtlığı yaşanırdı. İvanovkada biri bizə taxıl alıb verirdi. Biz də daş dəyirmanında üyüdüb bir təhər dolanırdıq. Sonra torpaq sahəsi verdilər, hərəyə 1-2 hektar, əkin-biçinlə məşğul olduq, heyvan saxladıq...”.

Ballıcadan didərgin düşəndə evin böyük övladı İlqar Orucovun cəmi bir yaşı vardı. O, həmin günləri xatırlamasa da, valideynlərinin danışdıqları hekayələr onun yaddaşında silinməz iz buraxıb. “Həmişə inanırdım ki, kəndimizə qayıdacağıq. Ali Baş Komandanımızın torpaqlarımızın azad olunması ilə bağlı tutduğu qətiyyətli mövqe bizdə bu inamı yaratmışdı. Vaxt gəldi, zaman gəldi, qayıtdıq torpağımıza, bu günə şükür. Bizə ev verdilər, iş verdilər. Atam da işləyir, mən də. Hər şey gözəldir”, - deyir İlqar.

Orucovlar ailəsinin Ballıcaya qayıtdıqdan sonra yaşadığı ən yaddaqalan anlardan biri isə fevralın 19-da Prezident İlham Əliyevin kəndə səfəri zamanı onların evində qonaq olması olub.

“Yuxuma da girməzdi ki, cənab Prezident bizim evimizə gəlsin. Allah onun canını sağ eləsin. Həyəcanlı idim ki, mən onun qarşısına necə çıxacağam deyə, nə edəcəyimi bilmirdim. Amma elə bir səmimiyyət göstərdi ki… Çox səmimi görüşdü, evimizə baxdı, şəraitimizlə tanış oldu. Bizə dedi ki, nə probleminiz var? Dedim, heç bir problem yoxdur. Nəvəm də şeir söylədi. Prezidentimizin kəndimizə, evimizə gəlməsinə çox sevindik”, - deyə Əvəz Orucov bildirir.
 

İllərlə müxtəlif rayonlarda köçkün həyatı yaşayan Orucovlar ailəsi kimi minlərlə insan artıq doğma evlərində, isti yuvalarında firavan və xoşbəxt günlər keçirirlər. Bu, təkcə bir ailənin deyil, bütün Azərbaycanın qələbəsidir. Ballıcaya köçən hər ailə burada yeni bir səhifə açır. Onlar qurub-yaratmağa, doğma kəndlərini yenidən abadlaşdırmağa başlayıblar.


Xatırladaq ki, Xocalı şəhərinə və rayonun Ballıca kəndinə artıq bir neçə köç prosesi həyata keçirilib. Kənddə 137 ev bərpa olunub, 60-a yaxın evin isə bərpası davam edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO