“Azəristiliktəchizat” bir neçə nəfərə görə bütöv binanın istiliyini KƏSİR - ŞİKAYƏT

“Azəristiliktəchizat” bir neçə nəfərə görə bütöv binanın istiliyini KƏSİR - ŞİKAYƏT

Hazırda oxunan: “Azəristiliktəchizat” bir neçə nəfərə görə bütöv binanın istiliyini KƏSİR - ŞİKAYƏT

235689

“Azəristiliktəchizat” ASC bir neçə nəfərin istilik borcuna görə bütöv binanın istiliyini kəsib.

Bu şikayətlə redaksiyamıza Bizim.Media-ya Badamdar qəsəbəsi Göyüş Qarayev küçəsi və Seymur Məmmədov küçəsinin bir qrup sakini müraciət edib. Sakinlər deyir ki, “Azəristiliktəchizat” ASC  5 gündür iki binada istilik verilməsini dayandırıb.

Şikayətçilər aidiyyəti quruma rəsmi müraciət də ediblər. “Azəristiliktəchizat” ASC  isə səbəb olaraq bir neçə sakinin borclarını ödəməməsini göstərib.

“Bu problem  hər dəfə yaşanır. Belə olmaz axı. İstilik borcunu ödəməyənlərə görə niyə digərləri əziyyət çəkməlidir?", - deyə onlar bildirib.

Vətəndaşların sözlərinə görə, istilik verilməsinin dayandırılması bir növ cəzalandırma tədbiridir:

"Deyirlər istiliyi kəsirik ki, borcu olanlar məcbur qalıb ödəsinlər. Bir nəfərə görə niyə başqaları da cəzalandırılır? Bu fəsildə, bu havada istiliyin 4-5 gün dayandırılması ciddi problemdir. Uşaq var, qoca var".

Sakinlər qeyd edirlər ki, üstəlik istilik verilməsi dayandığı günlərin də ödənişi tələb olunur:

"Bəzən bir neçə gün istilik kəsilir. Ancaq ay sonu görürük ki, borc olduğu kimi qalır. Həmin günlər silinmir, verilməyən istiliyin ödənişi bizdən alınır".

Vətəndaşlar aidiyyatı quruma problemlə bağlı təklif də irəli sürürlər:

 "Ya xətlər ayrılsın, ya da borcu olanlara öncədən xəbərdarlıq edilsin".

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı ilə əlaqə saxladıq. O, Bizim.Media-nı sorğusuna cavab olaraq bildirib ki, sözügedən binaların böyük əksəriyyəti uzun müddətdir ki, istilik borclarını ödəmir, təbii olaraq həmin istiliyin verilməsi üçün çəkilən xərclər qarşılana bilmir və istilik verilməsi dayandırılır:

“Qazanxana işləyir, qaz və su alınır, avadanlıqlar dəyişdirilir, işçilərin əməkhaqqısı ödənilir. Bəs bu xərclər necə qarşılansın? İstilik bütövlükdə binaya verilir. Gərək sakinlərin böyük əksəriyyəti ödəniş edə ki, istiliklə təminat da davamlı həyata keçirilsin", - deyə qurum rəsmisi əlavə edib.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO