Abşeron yarımadasını içməli su ilə təhcizatında əsas rol oynayan Ceyranbatan su anbarının ətrafında acınacaqlı vəziyyət yaranıb. Zaman-zaman ətraf ərazilərdən axıdılan çirkab və kanalizasiya suları anbarın ətrafında dəhşətli mənzərə yaradıb. Ən pisi də odur ki, bu gün də çirkab və kanalizasiya sularının anbarın mühafizə zonasına axıdılması davam edir.
Gölün ətrafındakı antisanitar vəziyyət anbardakı su üçün də ciddi təhdiddir. Çünki istənilən infeksiya hava vasitəsi ilə anbardakı suya qarışa bilər.
Bu məsələ zaman-zaman gündəmə gəlsə də, sözügedən vəziyyət hələ də davam edir.
Antisanitariyanın yaratdığı təhlükələr
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekoloq Ənvər Əliyev antisanitar vəziyyətin yarada biləcəyi təhlükələrdən söz açıb:
MÖVZU İLƏ BAĞLI:
Kanalizasiya suları Ceyranbatan su anbarına axır? – VİDEO
“Hazırda gölün ətrafı üfunət qoxuyur. Yaxın ərazilərdən axıdılan çirkab və kanalizasiya suları anbarın ətrafında antisanitariya vəziyyəti yaradıb. Heç kim təminat verə bilməz ki, həmin çirkablardan infeksiya külək vasitəsi ilə su anbarına düşmür və yaxud düşməyəcək. Bu cür hallar insanlar arasında kütləvi yatalaq, mədə bağırsaq pozğunluğu və digər qorxulu xəstəliklərə səbəb olur. Hamilə qadınlar və yaşlı insanlar üçün infeksiya düşmüş su birbaşa ölüm deməkdir”
Müsahibimiz əlavə edib ki, gölün suyu nə qədər təmizlənsə də, risklər qalır:
“Çünki elə maddələr var ki, ion şəklindədir və onları məhv etmək asan məsələ deyil. Onlar ciddi fəsadlar yaradırlar. Onlar heç zaman destruktizasiya olunmur və birbaşa insanın qanına keçir. Bu mənada Ceyranbatan gölü ətrafında yaranmış vəziyyət olduqca qorxuludur. Bununla barışmaq olmaz və ötən hər gün bizim əleyhimizə işləyir. Hesab edirəm ki, təcili tədbirlər görməlidir”.
Problem nədən qaynaqlanır?
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu göndərdik. Qurumun mətbuat katibi Ceyhun Musaoğlu Bizim.Media-ya bildirib ki, həmin ərazidə primitiv üsulla tullantı su xətləri çəkilib və şəbəkə olmadığına görə belə vəziyyət yaranıb:
“Tullantı su şəbəkəsi olmayan ərazidə məskunlaşmış sakinlərin istifadə etdiyi sular və qrunt suları ətrafa axır. Tullantı sulları açıq kanalla hərəkət edir və süni göl yaranır. Hazırda əhalinin həmin ərazidə sıx məskunlaşması tullantı sularının həcmini artırıb və göl daşıb”.
Bəs, bu qorxunc mənzərə nə zamana kimi davam edəcək?
“Həmin ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb.
Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. O cümlədən, yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”, - ADSEA rəsmisi əlavə edib.
Görünən odur ki, sözügedən layihənin reallaşması üçün xeyli vaxt lazım olacaq. Bu isə təhlükəli vəziyyətin davam edəcəyini göstərir.
Surxay Atakişiyev, Bizim.Media