“Son dəfə anamla danışıb” – Şəhid Sirac Abışovun qardaşı

“Son dəfə anamla danışıb” – Şəhid Sirac Abışovun qardaşı

Hazırda oxunan: “Son dəfə anamla danışıb” – Şəhid Sirac Abışovun qardaşı

23537

“Hazırda başımız çox qarışıqdı Siracın harada dəfn ediləcəyi barədə qərar verməmişik. Bildiyim qədər həlak olan hər iki nəfərə şəhidlik statusu veriləcək. Burada kənd məzarlığında və ya şəhidlər xiyabanında dəfn oluna bilər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında bu gün Kəlbəcərin Susuzluq kəndində minaya düşərək həlak olan Sirac Abışovun qardaşı Şirzad bildirib.

O, qardaşından danışarkən bildirib ki, hələ də onun yoxluğuna inana bilmir.

“Qardaşım yeni evlı idi, bir azyaşlı övladı var. Martın 21-i doğulan körpəsini heç bir il görmədən haqqın dərgahına qovuşdu. Qardaşı kimi deyə bilərəm Sirac evdən deyil, eldən gedib”.

O, Siracın son dəfə bu gün səhər anası ilə danışdığını bildirib:

“Bu gün səhər şəhid olmazdan bir az əvvəl anamla Whatsap-la danışıb. Adi söhbət ediblər, deyib çəkilişə gedirəm. Sirac müharibə bitən kimi, noyabrdan o ərazilərə ezam olunub. O çox həvəslə işğaldan azad olunan torpaqlarımızı lentə alırdı. Bu çəkilişlər ermənilərin 30 il ərzində Qarabağa vurduğu ziyanı hesablamağa və sübut kimi saxlamağa xidmət edirdi”. 

Qeyd edək ki, 1989-cu ildə Qubadlının Dondarlı kəndində doğulan Sirac 4 yaşındaykən erməni işğalı nəticəsində məcburi köçkün düşüb. Dayısı Adıyev Həmzə I Qarabağ müharibəsi şəhididir. O, ailəsi ilə Tağıyev qəsəbəsində yaşayırdı. 

Sirac 2009-cu ildən mediada çalışırdı. O, Yurd Tv və APA Tv-də işləyib. Sonuncu iş yeri isə Azərbaycan Dövlət Televizyası idi.

Yaşasaydı Siracın avqustun 29-da 32 yaşı tamam olacaqdı. Onun ən böyük arzusu doğma torpaqlarını görmək idi. Şəhid olmazdan bir müddət əvvəl o,  bu istəyini gerçəkləşdirdi. Sirac anadan olduğu kəndlərində qardaşı ilə çəkdirdiyi fotonu öz Facebook səhifəsində bölüşüb.
Allah rəhmət etsin!

Vüsalə Balayeva, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO