Buraxılış imtahanlarının keçiriləcəyi vaxt yaxınlaşdıqca həm 9-cu, həm də 11-ci siniflər arasında həyəcan artır. İmtahan sualları ilə bağlı ilkin proqnozlar verilsə də, abituriyentləri həyəcanlandıran və maraqlandıran əsas məsələ məhz bu il sualların asan və ya çətin olacağı məsələsidir.
MÖVZU İLƏ BAĞLI:
Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyur? - VİDEO
Mütəxəssislər isə fərqli fikirlərlə çıxış edirlər. Bəzilər bu ilki imtahan suallarında bir çox yeniliklərin olacağaını da istisna etmirlər.
Bizim.Media-ya mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi ilk olaraq 9-cu siniflərin buraxılış imtahanı barədə fikirlərini qeyd edib. O, deyib ki, bu il 9-cu sinif xarici dil imtahanında şəkillər əsasında mətnlərin qurulması kimi yeniliklərin şagirdlərin balına təsiri olacaq:
“9-cu siniflər üçün bu il tətbiq olunacaq yenilik kolleclərə keçid ballarına cüzi təsir edə bilər. Amma 9-cuların imtahan nəticələrinin yaxşı olacağını düşünürəm”.
Ekspert vurğulayır ki, DİM bu ildən 9-cu siniflərə həmin yeniliyi tətbiq etdiyi üçün onlar 2 il sonra 11-ci sinfin imtahanında bu prosedura uyğunlaşacaqlar.
Bəs 11-ci siniflərin buraxılış imtahanları üçün proqnozlar nələrdir?
Elçin Əfəndi bildirib ki, indiki imtahan modeli 2019-cu ildən bəri tətbiq edildiyi üçün hər il abituriyentlər buna daha hazırlıqlı olurlar. Buna görə də nəticələr ötən il olduğu kimi yüksək ola bilər:
“Bu il nəticələr ötənilki kimi qeydə alına bilər. Çünki abituriyentlər artıq imtahan suallarına, mövzularına, model testlərə uyğunlaşıblar. Buna görə də ildən-ilə yüksək nəticələr görmək mümkündür. Sualların asanlığı, çətinliyi abituriyentlərin nə qədər hazır olmasından asılıdır. Onlar prosesə nə qədər hazırdırlarsa, imtahan o qədər asan olur”.
Elçin Əfəndi DİM-in imtahana saldığı mətnlərin də şagirdin nəticəsinə necə təsir etdiyindən danışıb:
“İmtahanın asanlığı həmçinin, şagirdlərə tanış olmayan mövzuların imtahana salınmasıyla da bağlıdır. Məsələn, bir neçə il öncə DİM xarici blogerin səsləndirdiyi fikri mətn halında təqdim etdi, abituriyentlər də bu mətn yad olduğu üçün tərəddüdlə yanaşdılar. Buna görə də DİM dili çətin, böyük həcmli mətnlərdən qaçmalıdır”.
Nəzrin Mirzəyeva, Bizim.Media