Qapısı qıfıllı qalan AVTOVAĞZALLAR – REPORTAJ - FOTO

Qapısı qıfıllı qalan AVTOVAĞZALLAR – REPORTAJ - FOTO

Hazırda oxunan: Qapısı qıfıllı qalan AVTOVAĞZALLAR – REPORTAJ - FOTO

232643

Paytaxtdan və iri şəhərlərdən fərqli olaraq bəzi bölglərdə avtovağzallar olsa da, fəaliyyət göstərmir. Bu vəziyyət əsasən Aran bölgəsində özünü daha çox büruzə verir. Belə ki, avtovağzalların binası və yeri olmasına baxmayaraq daşıyıcılar şəhərin digər hissələrində dayanaraq sərnişinlərini yığıb istər paytaxta istərsə də iri şəhərlərə yol alırlar. Belə olduqda paytaxta getmək istəyən sərnişinlər həm bilet ala bilmir, həm də marşrutun dəqiq vaxtını müəyyən edə bilmirlər. Ortaya belə bir sual çıxır.

Bəs nəyə görə bölgələrdə avtovağzal ola ola daşıyıcılar şəhərin başqa hissəsində dayanıb müştəri yığırlar?

Bizim.Media-nın Aran bürosu olaraq bu mövzunu araşdırmaq qərarına gəldik. İlk növbədə Kürdəmirdəki avtovağzala baş çəkdik.

Məlum oldu ki, avtovağzal sovetlər dönəmindən fəaliyyət göstərib, amma son illər istifadəsiz qalıb. Avtovağzal sahibi bir müddət əvvəl avtomobil qəzası zamanı dünyasını dəyişdiyi üçün burda heç kimi tapa bilmədik.


Amma ətrafdakı insanlardan şifahi olaraq öyrəndik ki, köhnə avtovağzal yoldan 100 metr aralı olduğundan sürücülər ora getmək istəməyib sonradan avtovağzal sahibi əlavə xərc çəkərək yolun kənarında daha yeni avtovağzal binası inşa edib. Amma sürücülər bir müddət burdan işləsə də, sonradan yenə oranı tərk ediblər. Hazırda həm köhnə həm də təzə avtovağzal istifadəsiz qalıb. Sürücülər isə səbəb olaraq avtovağzal ərazisində onlar üçün münbit şəraitin olmadığını bildirdilər.

Analoji vəziyyəti Ağsu rayonunda da araşdırdıq.

Rayon mərkəzi avtovağzalının inzibati binası olsa da, fəaliyyətini, demək olar ki, dayandırıb. Bina yalnızca Ağsudan Bakıya müştəri daşıyan taksilərin dayanması üçün istifadə olunur. Avtovağzalın açılışı 2009-cu ildə olub və o gündən paytaxt Bakı ilə yanaşı, müxtəlif bölgələrə müntəzəm olaraq avtobus xətləri fəaliyyət göstərib. Sürücü və müştərilər üçün gözləmə zalları və yeməkxanalar da mövcud olub. Lakin hal-hazırda avtovağzalın yalnızca binası qalıb, istifadəsi isə tamamən yararsızdır. Bu vəziyyət artıq 5 ilə yaxındır ki, davam edir. Bölgələrə və paytaxta avtobuslar olmadığından sakinlər məcburən taksi fəaliyyəti ilə məşğul olan minik avtomobillərinə üz tutmalı olurlar ki, bu da həm vaxt itkisinə, həm də ikiqat baha qiymətə başa gəlir.


Avtovağzalın direktoru Sübhan Həşimov Bizim.Media-nın yerli bürosuna bildirdi ki, 2019-cu ildə tüğyan edən koronavirus pandemiyasına qədər hər şey yaxşı idi. Bütün istiqamətlər üzrə gündəlik müntəzəm işləyən avtobus və mikroavtobus reysləri olub, amma elə həmin ərəfələrdən geriləmə başladı, getdikcə də kəskin hal aldı, nəticədə indiki mənzərə yarandı.

Avtovağzal rəsmisi yenidən fəaliyyətə başlamaq istədiklərini dilə gətirib. Amma bunun üçün necə müraciət etmək lazım olduğunu bilmirlər.

Bundan sonra üz tutduq Zərdab rayon Avtovağzalına...

Oxşar mənzərənin burda da hökm sürdüyünü müşahidə etdik avtovağzal binası var, amma işləmir. Rayonda avtobuslar vasitəsilə ölkədaxili sərnişindaşıma neçə illərdir ki, sakinlərin işini müşkülə salır, gediş-gəlişini çətinləşdirir. Biri var heç olmaya, biri də var ola, amma fəaliyyət göstərməyə...


Avtovağzalın yetəri qədər geniş ərazisi,  sərnişinlərin rahatçılığının təmin olunması üçün nəzərdə tutulmuş hər cür iaşə obyektləri olsa da, qapıları qıfıllıdır. Başqa rayonlardan gələn  mikroavtobuslar paytaxta və bölgələrə gedərkən yolüstü Zərdabın "dörtyol" adlanan  ərazisindən sərnişinləri yığırlar. Amma pərakəndə şəkildə olduğundan mikroavtobusların nə vaxt keçəcəyi dəqiq bilinmir. Kimin bəxti gətirirsə, ünvana maşın tapır, bəxti gətirməyən isə saatlarla gözləməli olur. Sakinlər bölgələrə və paytaxta gediş-gəliş üçün minik avtomobillərindən istifadə edirlər. Bu zaman isə təklif olunan qiymət nə sərnişini qane edir, nə də sürücüləri.

Rayon sakini Nuritural İlqar oğlu deyir ki, insanlar çıxılmaz vəziyyətdə qalıblar:

“Hamı elə yoldan, qıraqdan, bacadan yol maşınlarına əl edib elə gedirlər. Vaxtla, saatla olarsa, hamı gələr vaxtlı-vaxtında minər avtobusuna avtovağzaldan avtovağzala rahat gedib-gələr.


Digər rayon sakini Rövşən Qasımov da avtovağzalın vəziyyətinin çox bərbad halda olduğunu vurğulayıb:


“Gediş-gəliş zəif, avtobus yox... Ümumiyyətlə avtovağzal işləsə, hər şey işləyər də. Əvvəl avtobuslar, balaca maşınlar da var idi. İndi nə balaca maşına iş var, nə böyük maşın...  Avtovağzalın bərpa olunmasını biz də istəyirik. Zülüm çəkirik, kimin pulu var gedə bilir, pulu olmayan gedə bilmir. Mənə minik maşını ilə getmək sərf etmirsə, gedib 5-3 manatımı verib avtobusla gedə bilərəm.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ( AYNA) ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Tural Orucov bildirdi ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bir sıra rayon və məntəqələrə birbaşa müntəzəm avtobus reysləri mövcud deyil:


“Çoxsaylı vətəndaş müraciəti, eləcə də sərnişindaşımada vətəndaş  məmnunluğunu təmin etmək məqsədilə bu məntəqələrə getmək istəyən vətəndaşlara daşıyıcıların da rentabelliyi nəzərə alınmaqla imkan yaradılır. Bu rayon və məntəqələr aralıq məntəqələri kimi müəyyən edilib. Sərnişinlər Bakıdan bu istiqamətlərə biletləri əldə edə bilirlər. Zərdaba getmək üçün Bakı-Ağcabədi reyslərinin imkanlarından yararlanmaq mümkündür. Gələcəkdə sərnişin tələbatı yaranacağı təqdirdə Bakıdan Zərdaba birbaşa müntəzəm avtobus reysinin açılması məsələsinə baxıla bilər.

Bakı-Ağsu müntəzəm avtobus marşrutu üzrə daşıyıcının təyin edilməsi üçün AYNA tərəfindən 2024-cü ildə müsabiqə elan edilsə də, müraciət edən olmayıb. Bu istiqamətdə reysin yenidən müsabiqəyə çıxarılması nəzərdə tutulub. Kürdəmir məsələsinə gəldikdə isə Bakıdan Kürdəmirə müntəzəm avtobus reysləri mövcuddur. Kürdəmir  avtovağzalının daha yaxşı xidmət göstərilməsi ilə bağlı xəbərdarlıq olunub. Qısa müddətdə məsələnin həlli istiqamətində işlər görüləcək”.








Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO