“Ölənin yaxını bilmir, kədərlənsin, dəfn yeri axtarsın, yoxsa yemək bişirsin” – Deputat

“Ölənin yaxını bilmir, kədərlənsin, dəfn yeri axtarsın, yoxsa yemək bişirsin” – Deputat

Hazırda oxunan: “Ölənin yaxını bilmir, kədərlənsin, dəfn yeri axtarsın, yoxsa yemək bişirsin” – Deputat

232079

Xəbər verdiyimiz kimi, bəzi rayonlarımızda yas mərasimlərinə aid olan cümə axşamılarının keçirilməsi ləğv olunub.

Həmçinin, Füzulidə 11 ildir ki, yas mərasimlərinin süfrələri təmtərqadan uzaq, daha sadədir. Rayonun İcra Hakimiyyətindən bildirilib ki, bu təşəbbüs sayəsində rayon əhalisi 11 il ərzində təxminən 19.1 milyon manata qədər vəsaitə qənaət edib. Bu göstərici müzakirələrə səbəb olub.

Millət vəkili, İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov Bizim.Media-ya açıqlamasında məsələyə münasibətini bildirib.

Deputat rayonlarda atılan bu addımı təqdirəlayiq hesab edir. O, İslam dinində 7, cümə axşamı, 40 kimi mərasimlərin necə qarşılandığından da bəhs edib:                                                        

“İslam dinində  cümə axşamı, 7, 40 mərasimlərinin heç biri yoxdur. İslama görə insan dünyasını dəyişdikdən sonra onun üçün yalnız 3 gün yas saxlanıla bilər. Eyni zamanda, təmtəraqlı yasın keçirilməsi də dində yoxdur. Bu ənənələri insanlar sonradan meydana gətirib.

Bu gün Azərbaycanda hamı  yasların təmtəraqlı  keçirilməsindən əziyyət çəkir. İslama görə də dünyasını dəyişən insanın evində yemək bişməməlidir. Onun qonşuları, yaxınları yemək bişirib gətirməlidir”.

“Ölənin yaxını bilmir ki, kədərlənsin, dəfn yeri axtarsın, yoxsa yemək bişirsin”.

“Onsuz dünyasını dəyişən insanın yaxınları kədərli olur. Əlavə olaraq isə belə işlərlə məşğul olması, ölənini yola salmağına çətinlik yaradır. Buna görə də yaslarda çay, yüngül süfrə ola bilər.

Əgər bir rayonda 19 milyon manatdan söhbət gedirsə, deməli, Azərbaycanda hər il yas məclislərinə nə qədər vəsait sərf olunur. Kimsə ehsan vermək, xeyir iş görmək istəyirsə, həmin vəsaiti imkanı az olan insanlara verə bilər. Amma digər formada yasların keçirilməsi israfçılıqdan başqa bir şey deyil”, - deyə Ceyhun Məmmədov vurğulayıb.

Müsahibimiz məsələnin həllini tapması üçün 2 yol təklif edib:

“Birincisi, insanların özlərinin təşəbbüs göstərərək bu addımı atması, ikinci yol isə prosesin qanuni şəkildə həyata keçirilməsidir. Ən yaxşı yol ziyalıların bir araya gələrək belə bir qərar qəbul etməsidir. Biz yaslarımızda israfçılıqdan, artıq vəsaitin xərclənməsindən xilas olmalıyıq. Bu vəsaiti daha yaxşı işlərə, kiminsə təhsilinə, imkansız insana yardım edərək, yetim uşağa dəstək olaraq və s. yatırsalar, daha çox savab qazanarlar”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO