Gəncə Xəstəxanasından ŞİKAYƏT: “Həkim başını telefondan qaldırmır” – VİDEO

Gəncə Xəstəxanasından ŞİKAYƏT: “Həkim başını telefondan qaldırmır” – VİDEO

Hazırda oxunan: Gəncə Xəstəxanasından ŞİKAYƏT: “Həkim başını telefondan qaldırmır” – VİDEO

231977

Sosial şəbəkədə Gəncə şəhər sakini akademik Zülfüqar Məmmədov adına Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasından şikayət edib.

Bizim.Media xəbər verir ki, sakin paylaşdığı videoda xəstəxanadakı gənc tibb personalının xəstələrə və xəstə yaxınlarına sayğısız, laqeyd yanaşdığını iddia edib: 

“Mən yanvarın 13 və 14-ü Gəncədə Akademik Zülfüqarov adına 3 nömrəli xəstəxanaya iki gün ayaq döymüşəm.

Mənə ordakı tibb işçilərindən (yaşlı həkimlərdən başqa) heç biri düz-əməlli cavab vermədi. “Qan almağ”a yaxınlaşdım. Anamın damarını orda partlatdılar. Daha sonra USM-ə qeydiyyata düşmək istəyirik, qeydiyyatçı xanımın heç nədən başı çıxmır. 

Təcili Tibbi Yardımın qarşısındakı qeydiyyata yaxınlaşırıq, ordakı xanım heç nəyi bilmir. Doğru, düzgün danışmağı bacarmır.  Deyir “ya səbir”, ona ağız əyir, bu birinə göz süzdürür. Yəni işləmək istəmirlər. Məni ən çox təəccübləndirən o oldu ki, biz USM -də neçə saat növbə gözləmişik. Həkim bizi 1 dəqiqə çəkmədi USM-dən keçirdi. Amma sual veririk, bizə cavab vermək istəmir. Başını telefondan qaldırmır. 

Əziz tibbi sığorta ilə çalışan həkimlərimiz, əgər dövlət xəstəxanalarındakı iş rejimindən razı deyilsinizsə, bu, bizim günahımız deyil. Çıxın, qoy sizin yerinizə düzgün işçilər gəlib orda çalışsınlar. Belə biabırçılıq olmaz! İnsanların həyatı sizin üçün nədir? Görünür, insanların həyatı sizin əlinizdə oyuncağa çevrilib. Həkimi dindirirsən, deyir, burdan mənə nə pul çatır ki... Tibb bacısını dindirirsən, sənə kömək etmək istəmir.
 

Xəstəxanada qeydiyyat şöbəsinin olduğu düzgün yazılmayıb. Tibb bacıları postunu qeydiyyat yerinə qoyublar. Camaat qarşısından keçir, heç kim bilmirr ki, bura qeydiyyat şöbəsidir. Ən önəmlisi də odur ki, xəstəyə, insana qarşı, ölüm ayağında gələn xəstəyə diqqət göstərmək istəmirlər”.


Şikayətçi TƏBİB-ə səslənərək xəstəxananın işçiləri ilə bağlı tədbir görülməsini istəyib:

“Mən şok yaşadım və bununla bağlı TƏBİB-in hər hansı tədbir görməsini çox istəyərdim. Çünki bu, belə olmaz”.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumundan Bizim.Media-ya verilən açıqlama Gəncə Şəhər Birləşmiş Xəstəxanası nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxana ilə bağlı sosial şəbəkələrdə yayılan video barədə məlumatlı olduqları bildirilib:

“Orada səsləndirilən şikayətlər hazırda araşdırılır. Məlumatlar dəqiqləşdirildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, vətəndaşın özü ilə də əlaqə saxlanılacaq, işində nöqsana yol verən əməkdaşlar olarsa onlar haqqında müvafiq tədbir görüləcək”.


Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO