Qusar rayon icra başçısının növbəti səyyar qəbulu bu gün Caqarqışlaq kəndində baş tutub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə rayon rəhbəri Sahir Məmmədxanov və İcra Hakimiyyətinin məsul şəxsləri, idarə və müəssisə nümayəndələri Caqarqışlaq kəndində Aprel şəhidi Əmiraslan Xeyirbəyovun məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini hörmətlə yad ediblər.
Daha sonra Caqarqışlaq kənd tam orta məktəbində vətəndaşlarla görüş keçirilib. İcra başçısı məktəbdə dərslərin gedişatını izləyib, şagirdlərlə həmsöhbət olub.
Səyyar qəbulda vətəndaşlar kəndin mavi yanacaqla təmin olunması, yay aylarında suvarma suyunun az olmasını nəzərə alaraq Samur-Abşeron su kanalının kənarında yerləşən su nasosunun istifadəyə verilməsinə köməklik göstərilməsi, kənd ərazisində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və xətlərinin dəyişdirilməsi, Qusar-Xudat və Caqarqışlaq ərazisindən keçən yolda yol nişanlarının qoyulması, kənddaxili yolların təmir edilməsi və digər məsələlərlə bağlı müraciətlərini ediblər.
İcra başçısı Sahir Məmmədxanov müraciətlərin hər birini ayrı-ayrılıqda dinləyərək onların həlli yolları barədə aidiyyəti orqanlara tapşırıq verib.
Qeyd olunub ki, yaxın müddətdə kənd ərazisində yerləşən qəzalı vəziyyətdə olan elektrik dirəkləri dəyişdiriləcək, yol nişanlarının quraşdırılmasının zəruri olduğu yerlər müəyyən olunaraq aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacaq, qazlaşdırılmamış yaşayış məntəqələrinin qaz təchizatı qrafik üzrə növbəlilik əsasında həyata keçiriləcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu