Həkimlərin attestasiya PROBLEMİ – Səhiyyə Nazirliyinə yeni TƏKLİFLƏR

Həkimlərin attestasiya PROBLEMİ – Səhiyyə Nazirliyinə yeni TƏKLİFLƏR

Hazırda oxunan: Həkimlərin attestasiya PROBLEMİ – Səhiyyə Nazirliyinə yeni TƏKLİFLƏR

23115

Tibb isçilərinin attestasiyası gündəmin müzakirəsindədir. Azərbaycan Həkimlər İctimai Birliyi (AHİB) sözügedən məsələ ilə bağlı təkliflər paketi hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Tibb elmləri doktoru, professr Adil Qeybulla “Facebook” hesabında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Sertifikasiya həkimi vəzifədən azad etmir - Nazirlik 


Həkim xatırladıb ki, Azərbaycan Respublikasının 26 iyun 1997- ci il tarixli 360-saylı “Əhalinin Sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinin üçüncü və dördüncü müddəalarının tələbi ilə həkimlərin 5 ildən bir attestasiyası keçirilir:

“Qanunda bu yanlış olaraq sertifikasiya adlandırılır. Attestasiya isə öz növbəsində həkimin kvalifikasiya kateqoriyası alması üçün aparılan prosedurdur və könüllü olmalıdır. Bu məqsədlə keçirilən imtahanlar müəyyən bir dövr üçün tibb və əczaçılıq işçilərinin bilik səviyyələri, peşə bacarıqlarının yoxlanılması və təkmilləşdirilməsi üçün bir mərhələ hesab edilsə də, dövrün tələbləri artıq dəyişib. Bu gün ölkəmizdə artıq ali tibb təhsilinin ən son mərhələsi olan rezidenturanın fəaliyyət göstərməsi, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi kimi gəlişmələr bu sahədə də dünya standartlarına keçidi tələb edir”, deyə Adil Qeybulla əlavə edib. 

Adil Qeybulla İctimai Birliyin təkliflərini sadalayıb. O, qeyd edib ki, dünyada olduğu kimi, Azərbaycanda da baza tibb təhsili almış və rezidenturada konkret bir ixtisasa yiyələnmiş həkim həmin sahədə praktik həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququ qazansın:
 

“Hazırki imtahanlı attestasiya sistemi təkmilləşdirilməli və bu sistem ölkəmizdə tibb təhsili almış vətəndaşlarımıza deyil, xaricdə təhsil almış və Azərbaycanda fəaliyyət göstərmək üçün müraciət etmiş tibb və əczaçılıq təhsilli xarici vətəndaşlara münasibətdə tətbiq edilməsi daha məqsədəuyğun olardı.


Həkimlik fəaliyyətinin qanunla müəyyən edilmiş dövr bitdikdən sonrakı reattestasiyası inkişaf etmiş ölkələrdəki kimi kurrikulum (kredit-bal) sistemi əsasında həyata keçirilməsi tövsiyə olunur. Hər hansı ixtisas üzrə rezidentura fəaliyyəti mümkün olmadıqda iddiaçı həkimlərin dövlət təminatı ilə xarici ölkələrdə təkmilləşdirmə və ixtisasartırma kursu keçilsin. İxtisas üzrə Səhiyyə Nazirliyinin müvafiq attestasiya komissiyası olmadıqda həmin ixtisas həkimləri müvafiq yeni, səlahiyyətli attestasiya komissiyası yaradılana qədər növbəti attestasiya prosesindən azad olunmalıdır. Attestasiya prosesi tibb müəssisələrinin kateqoriyalarına və tibb işçilərinin mövcud statusuna, iş təcrübəsinə uyğun olaraq coxqradasiyali və təkmərhələli prinsiplərlə aparılmalıdır. Attestasiyanın nəticələrinə uyğun olaraq işçinin maaşı və vəzifəsi yeni kateqoriyaya müvafiq surətdə artırılır, sabit saxlanılır və ya azaldılır”.

İctimai Birlik hesab edir ki, attestasiyanın nəticələri qənaətbəxş olmadıqda tibb işçisinin fəaliyyətinə Səhiyyə Nazirliyi və ya müvafiq tibb müəssisəsi xitam verə bilməz:
 

“Bu səlahiyyət müstəsna olaraq ixtisaslaşmış məhkəməyə verilir. Tibb və əczaçılıq işçisinin sonrakı statusu həmin məhkəmənin qərarı əsasında müəyyən edilir.


Attestasiyadan keçməyən tibb və əczaçılıq işçilərinin icbari tibbi sığorta xidməti çərçivəsində fəaliyyəti növbəti attestasiyadan keçənə qədər məhdudlaşdırılır. Onların ixtisasının artırılması məqsədilə dövlət səviyyəsində xüsusi kursların keçirilməsi təmin edilir. Tibbi və əczaçılıq fəaliyyəti haqqında lisenziya daimidir, yalnız ixtisaslaşmış məhkəmənin qərarı ilə ləğv edilə bilər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO