Azərbaycan gəmilərinin saxlanılmasının DETALLARI

Azərbaycan gəmilərinin saxlanılmasının DETALLARI

Hazırda oxunan: Azərbaycan gəmilərinin saxlanılmasının DETALLARI

229075

"Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı gəmilərinin Eritreyanın ərazi sularında saxlanılmasına münasibət bildirib.

Filialdan Bizim.Media-ya verilən açıqlamada deyilir ki, “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri sahibkarlıq fəaliyyəti çərçivəsində Əbu-Dabi limanına yola düşüb və müəyyən edilmiş marşrut üzrə səfərin Süveyş kanalından keçməklə həyata keçirilməsi nəzərdə tutulub.

Gəmilərin riskli piratlıq qaynar nöqtələrdən keçməsi nəzərdə tutulduğu üçün təhlükəsizliyin təmin edilməsinə ehtiyac yaranıb, bu məqsədlə gəmilərin mühafizəsini təmin etmək sahəsində ixtisaslaşmış müvafiq şirkət ilə müqavilə bağlanılaraq gəmilərə hər bir gəmiyə 2 nəfər olmaqla hərbiləşdirilmiş mühafizə qrupları ilə təmin edilib.

Noyabrın 7-də gəmilər Eritreyanın dəniz sahil xəttindən keçərkən hava şəraiti səbəbindən Eritreyanın ərazi sularına girməklə hərəkəti davam etdirmək qərarı verilib və gəmi kapitanları ərazi sularına daxil olmaqla bağlı məlumatın çatdırılması üçün Eritreyanın təhlükəsizlik və sahil mühafizəsi qurumları ilə VHF-16 beynəlxalq kanalı vasitəsilə əlaqə saxlanılmasına çalışıb, lakin cavab almayıb.

Noyabrın 7-si yerli vaxtla saat 10:06-da gəmidən əldə edilmiş hesabata əsasən, hər üç gəmini 13°23'N, 042°39'E koordinatlarında Eritreya hərbi donanması xidmətinin saxladığı məlum olub.

Belə ki, xidmətin tələblərinə uyğun olaraq gəmilər hərəkət kursunu dəyişərək hərbi donanmanın təyin etdiyi məntəqəyə gəlib və lövbərə dayandıqdan sonra hərbi donanmanın nümayəndələrinin yoxlama prosesinə cəlb ediliblər.

Sözügedən gəmilərdə 18 Azərbaycan vətəndaşı və 6 əcnəbi vətəndaş olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.
 

Qeyd olunan məsələ ilə əlaqədar kapitanlardan məlumat daxil olan kimi şirkət elə həmin gün, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə rəsmi qaydada müraciət edib. Daha sonra isə Xarici İşlər Nazirliyinə müvafiq qaydada müraciətlər olunub və məsələnin həlli ilə əlaqədar adı çəkilən qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində bütün işlər görülüb.


Eyni zamanda gəmilərin sığortalanmasını həyata keçirən sığorta şirkətinin səlahiyyətləri nümayəndələrinə və Böyük Britaniyanın müvafiq hüquq şirkətlərinə də müvafiq müraciətlər edilib və məsələnin həllinin tezləşdirilməsi üçün adı çəkilən təşkilatlar da əməkdaşlığa cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO