“Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin barəsindəki hökmdən yenidən apellyasiya şikayəti verilib.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası yanvarın 7-nə təyin edilib.
Şikayət hakim Zamin İbrahimovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə verilmiş ittihama xitam verilib.
Onların hər birinin cəzası 3 ay azaldılıb. Ruslan Mikayılova 6 il 7 ay, Sənan Maşıyevə 4 il 7 ay 10 gün, Cabir Qəhrəmanova 6 il 5 ay 5 gün, Elçin Əliyevə 5 il 5 ay 5 gün azadlıqdan məhrum etmə cəzası hesablanıb.
Xatırladaq ki, 2021-ci ilin dekabrında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Bizim.Media