Son günlərin ən çox müzakirə olunan məsələlərindən biri məktəblərdəki “şokolad trendi”dir.
Sosial şəbəkə istifadəçiləri bu mövzuya münasibətdə iki yerə bölünüb. Bir qisim insanlar buna görə müəllimləri qınayır. Onlar hədiyyə kiçik olsa da, neqativ yükün böyük olduğunu, belə videoların müəllim adına xələl gətirdiyini düşünürlər. Hətta bunun şagirdlərdə müəllimə yarınmaq kimi təsirlər buraxdığını da istisna etmirlər.
Digər qism isə bu trendi şagirdlərin müəllimə sevgisini, dəyərini göstərən kiçik jest kimi dəyərləndirir. Eyni zamanda belə əyləncəli videoların məktəbdə pozitiv atmosfer yaratdığı qənaətindədirlər.
Bəs, hansı tərəf haqlıdır?
Məsələ ilə bağlı rəsmi mövqe yoxdur. Çünki bir neçə gün öncə təhsil qruplarında sözügedən videolarla bağlı bəzi müəllimlərin tənbeh edildiyi, hətta töhmətlə cəzalandırıldığı qeyd olunmuşdu. Nə Elm və Təhsil Nazirliyi, nə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu barədə sualımızı cavablandırmadı. Görünür, təhsil qurumları hələ də bu trendin yanlış, yoxsa normal addım olduğunu qiymətləndirə bilməyib. Yaxud da qiymətləndirib, amma bunu mətbuatın bilməsini istəməyib.
Ekspertlər isə müəllimlərin belə trendlərdən çəkinməli olduğunu düşünürlər.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-yla bölüşən ekspert Elşən Qafarovun “şokolad trendi” səpkisində satirik səslərin yazılması, videolarının yayılması ilə bağlı fikri birmənalıdır:
“Biz xeyli vaxtdır alışmışıq ki, müəllimlərlə bağlı ancaq dərsdə əsəbiləşən, siniflərdə xoşagəlməyən halları göstərən videolar görək. Bu şokolad videolarının təşəbbüsü uşaqlardan gəlir. Amma müəllim başa düşməlidir ki, o, təkcə məktəbdə, əmək funksiyasını yerinə yetirdiyi zaman deyil, hər yerdə, hər zaman bir nümunədir. O əks fikirlərin çox olduğu bir addım varsa, bundan çəkinməlidir. Müəllim xarici görünüşü, davranışı, danışığı, əməli, təhsil proqramını uğurlu yerinə yetirməsi, şagirdlərinin gözəl nəticələri ilə tanınmalıdır. Mən düşünmürəm ki, bu cür trendlər hansısa müəllimə nüfuz gətirə bilər”.
Ekspert deyir ki, Azərbaycanda təhsilə ayrılan vəsait Qırğızıstanın təhsilinə ayrılan vəsaitdən çoxdur. Amma orda müəllimlər sosial şəbəkələrdə yalnız şagirdlərə nümunə olacaq videolar paylaşırlar:
“Qırğızıstanda müəllimlərin hamısının sosial şəbəkəsi var. Onlar tədris proqramından videolar paylaşırlar ki, şagird sosial şəbəkədə də müəllimini öyrədən, tərbiyəvi söhbətlər, şagird şəxsiyyətini formalaşdıracaq nümunə kimi görsünlər. Bizdə də az da olsa, belə müəllimlər var.
Arzu edərdim ki, belə müəllimlərin sayı çox olsun. Şagirdi şəxsiyyət kimi formalaşdıran, onların dünyagörüşünə müsbət təsir göstərən videolar ilə tanınsın.
Belə ucuz videolar ilə müəllimlərin tanınmasını, trendə düşməsini məqbul hesab etmirəm.
Amma digər tərəfdən də burada davranış qaydalarının pozulması halı yoxdur. Ona görə məktəb rəhbərləri müəllimlərlə söhbət etməlidirlər. Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi səhifələrində tədris proqramları, şagird şəxsiyyətinin formalaşdırılması, təkmilləşdirilməsinə müsbət təsir edə bilən videolar paylaşan müəllimləri önə çıxarmalıdır. Müəllimin sosial şəbəkədə rolu bu formada olmalıdır.
Təəssüf ki, dəyərləndirmə və müəllimlər arasında bu sahəyə meyl də yoxdur. Ona görə burda rəqabət qabiliyyəti də yoxdur”.
Ekspertin fikrincə, istənilən halda bu trend dayanmalıdır:
“Müəllimlər bundan qaçmalı, yayınmalıdırlar. Amma bunu da qeyd edim ki, burada etik davranış qaydalarının da pozulması da yoxdur. Bildiyim qədər, bir çox məktəblərdə müəllimlərə belə videolara görə intizam tənbehi verilib. Bunu da doğru saymıram”.
Rəna Cumaqızı, Bizim.Media