Xəbər verildiyi kimi təhlükəli qida məhsullarını istehsal edənlər, satışını həyata keçirənlər və ya satış məqsədilə saxlayanlar 10 ilədək müddətə azadlıqdan məhrum ediləcək.
Maraqlıdır ki, burada təhlükəli qida dedikdə tam olaraq nə nəzərdə tutulur?
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi İlkin Kərimov Bizim.Media-ya açıqlamasında bildirib ki, AQTA əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması məqsədilə qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir:
MÖVZU İLƏ BAĞLI:
Həkimin reseptə qida əlavəsi yazmasına görə CƏRİMƏLƏR artdı – Bəs, buna necə nəzarət OLUNACAQ?
Qurum rəsmisinin sözlərinə görə ölkədə istehsal və idxal olunan qida məhsulları üzərində Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.
“Qida məhsullarından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Yalnız müayinə nəticələri uyğun çıxan qida məhsullarının satışına icazə verilir”.
Açıqlamada "Qida təhlükəsizliyi haqqında" qanunun 10-cu maddəsinə əsasən təhlükəli qidalar açıqlanıb:
"”Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanuna əsasən (Maddə 10) aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir:
-qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli dövrdə zərərli olduğuna dair sübutlar olduqda;
-qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən istehlak üçün yararsız olduqda;
-qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda..."
Bəs istehlakçılar təhlükəli qida gördükdə bu barədə AQTA-ya necə bildirə bilərlər?
"AQTA tərəfindən qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün açıq reyestri aparılıb. Agentliyin www.afsa.gov.az rəsmi saytından reyestrlə tanış olmaq mümkündür"- deyə agentlikdən bildirilib.
Qurum rəsmisi onu da qeyd edib ki, yalnız laborator analiz sınaqları nəticəsində qida məhsullarının təhlükəli hesab edilməsi barədə qərar qəbul olunur. Həmin qərara əsasən Agentlik tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.
Nəzrin Mirzəyeva, Bizim.Media