Ali Məhkəmədə Bərdədə oğurluqda təqsirləndirilən N.Ədilovanın barəsindəki qərardan zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin edib, aşağı instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib. Belə ki, təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilib və qadın Azərbaycanın adından təqsirsiz elan edilib. N.Ədilovanın barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.
İttihama görə, hadisə 23 noyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixədək olan müddət ərzində Bərdə rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, N.Ədilova anasına məxsus evin yataq otağındakı sandığın içərisində qohumu, zərərçəkmiş şəxs A.Həsənovanın ümumilikdə 54 902 manat qızıl və zinət əşyalarını oğurlayıb.
Qeyd edək ki, hadisə zamanı N.Ədilova Bakı Dövlət Universitetinin tələbəsi olub.
Bizim.Media