“Şuşa - İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına yekun vuruldu

“Şuşa - İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına yekun vuruldu

Hazırda oxunan: “Şuşa - İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına yekun vuruldu

223729

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının bağlanış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov ermənilərin bu ərazidə törətdiyi dağıntılardan danışıb. O bildirib ki, Qarabağın bərpası üçün enerji, sərmayə və güc lazımdır.

Gənclər və idman naziri Fərid Qayıbov Forumda fəal iştiraka görə İslam ölkələrindən gələn gənclərə təşəkkür edib.
 

O, bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bu cür tədbirin keçirilməsi qürurvericidir. Nazir belə tədbirlərin davamlı olmasını arzulayıb. Nazir ölkəmizin başa çatmaqda olan il ərzində bir sıra nüfuzlu beynəlxalq tədbirləri, o cümlədən COP-29 kimi mötəbər qlobal konfransı yüksək səviyyədə təşkil etdiyini diqqətə çatdırıb. O, Azərbaycanda gənclərə də qayğının yüksək səviyyədə olduğunu qeyd edib.


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan bu tədbirin Qarabağın dilbər guşəsi Şuşada keçirilməsinin müsbət məqam olduğunu vurğulayıb. O, dünya miqyasında mədəni müxtəliflik, dözümlülük və yaradıcılıq nümunəsi olan Şuşada ilboyu davam edən bu transformasiya proqramına ev sahibliyi etdiyinə görə Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib. T.Ayhan bundan sonra da əməkdaşlığın daimi olaraq inkişaf edəcəyini deyib.

Daha sonra “Gənclər Paytaxtı”nın simvolik açarı Mərakeşin nümayəndəsinə təqdim edilib. Tədbir daha sonra bədii hissə ilə davam edib.

Üç gün davam edən tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər və könüllülər iştirak ediblər.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) ölkələrin inkişafında mühüm rol oynayan, gənclərin bacarıqlarını artırmaq məqsədilə hər il İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən bir şəhəri “Gənclər Paytaxtı” seçir və ilboyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir.
 

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunmuşdu.


Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il 17 aprel tarixində “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO