Dövrün TƏLƏBİ – Yaxın illərdə bu İXTİSASLAR yaradıla bilər

Dövrün TƏLƏBİ – Yaxın illərdə bu İXTİSASLAR yaradıla bilər

Hazırda oxunan: Dövrün TƏLƏBİ – Yaxın illərdə bu İXTİSASLAR yaradıla bilər

223677

Ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib. Bakalavriat səviyyə üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib. Bunlar “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisaslarıdır.

Son zamanlar texnologiyanın sürətli inkişafı, rəqəmsallaşma və digər dəyişikliklərlə yeni ixtisasların yaranmasına zərurət var. Ekspertlər hesab edirlər ki, yeni ixtisasların yaranması əmək bazarında müasir dövrün tələblərinə uyğun ehtiyac olan kadrların çatışmazlığını aradan qaldıracaq.

Bəs hazırkı durumda və gələcəkdə daha hansı ixtisasların yaradılmasına ehtiyac var?

Mövzu barədə Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, bəzi ixtisaslar gələcəyin ixtisaslarıdır:

“Nazirlər Kabinetinin müvafiq qərarı əsasında artıq ixtisasların təsnifatı müəyyənləşib. Bakalavriat pilləsində yeni yaradılmış ixtisaslar var. Yəni növbəti ildən həmin yeni ixtisaslara tələbə qəbulu aparılacaq. Onların içərisində sadəcə “data analitikası” ixtisası magistratura pilləsində mövcud idi, həmin ixtisasa artıq bakalavr pilləsində kadr hazırlığı həyata keçirilməsinə qərar verildi. Bu ixtisaslara dövrün tələbi əsasında tələb var”.

O, gələcəkdə yaradılmasına ehtiyac olan bir neçə ixtisasın adını sadalayıb:

“Bəzi “Kibertəhlükəsizlik mühəndisi”, “Maliyyə meneceri”, “Data mühəndisi”, “Səhiyyə mühəndisi”, “Psixi sağlamlıq mühəndisi”, “Süni intellekt mühəndisi”, “Ağıllı şəhər və ev mühəndisi”, “İqlim müdafiəçisi”, “Onlayn müəllim” və digər bu kimi ixtisaslara ehtiyac var. Düşünürəm ki, tədricən növbəti illərdə bu ixtisaslar bizdə mövcud ali təhsil sistemində yer almalı və tələbə qəbulu həyata keçirilərək kadr hazırlığı aparılmalıdır.

İxtisaslara tələbatın olması o deməkdir ki, əmək bazarında informasiya texnologiyaların inkişafı və bundan irəli gələn digər amillərdən asılı olaraq yeni ixtisas sahiblərinə ehtiyac var. O nöqteyi-nəzərdən də ixtisaslar açılır. Yaxın 10 il ərzində qeyd etdiyim ixtisaslara qəbul həyata keçirildiyini görəcəyik. Maliyyə, təhsil, sosial-siyasi, iqtisadi sferaların hər birinə aid yeni dövrün tələbinə uyğun ixtisasların olması, kadrların hazırlığı məhz həmin istiqamətlərin də inkişaf etməsinə gətirib çıxaracaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO