Rusiyanın Krasnoyarsk vilayətində donuz axurunda cəsədi tapılan məktəbli qızın qonşusu tərəfindən öldürüldüyü ortaya çıxıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya İstintaq qrupu hadisənin əsl mahiyyətini məhkəmə-tibb ekspertizanın rəyindən sonra ortaya çıxarıblar.
Bildirilir ki, 11-ci sinif şagirdi olan 17 yaşlı qızın başında və bədənində çoxsaylı xəsarətlər olub.
Qızı gecə yarısına yaxın onunla görüşə gələn həmyaşıd dostu aşkar edib. Məlumata görə, dostu qızı evdə tapa bilməyib, tövləni yoxlayanda isə dəhşətli mənzərə ilə üzləşib. O, kömək üçün qonşulara qaçıb, lakin qızı xilas etmək artıq gec olub. Hadisə yerinə gələn tibb işçiləri yalnız ölümü təsdiq edə biliblər.
Bildirilir ki, mərhumun ailəsinin gəlir mənbələrindən biri heyvandarlıq olub. Onlar Krasnoyarska ət satmağa gediblər və qızlarına heyvanlara baxmağı tapşırıblar. Məktəblinin bunu dəfələrlə etdiyi vurğulanıb.
Rusiya İstintaq Komitəsinin məlumatlarına görə məktəbli əslində donuzların hücumuna məruz qaldıqdan əvvəl qonşunun qurbanı olub.
Cinayəti törədən şəxsin ailəyə qarşı ədavəti olub və tövləsindəki mal-qaranı məhv etmək istəyib. Tövləyə gedəndə isə məktəbli qızın heyvanları yemlədiyini görüb. Qızın başına iki dəfə zərbə endirərək, tövlədən çıxıb. Huşunu itirərək yerə yıxılan məktəbli qızı isə donuzlar parçalayıb.
Həmin şəxs artıq törətdiyi cinayəti etiraf edib. Qonşusunun evdə olmamasından istifadə edərək ondan qisas almaq istədiyini, lakin mal-qaranı bəsləyən qızın onun planlarını pozduğunu bildirib.
Bizim.Media