Bu qadın haqqında 250-dən çox əsər yazılıb. Amma Azərbaycandan öncə ən prestijli mahnı müsabiqəsində onun adına olan mahnını kimsə oxumağa cürət etməyib. Özü də ki, Avropada... Yəni, Niderlandda - Fransanın qulağının dibində fransızları qanına qəltan edən holland casusun adı olan mahnı elə də ağıllı seçim deyildi.
Mata Hari I Dünya Müharibəsi illərində rəqqasə adı altında Almaniyanın casusu olub. Əsl adı Marqarita Qertruda Zell olan hollandiyalı agent 1876-cı ildə Niderlandın Leyvarden şəhərində doğulub. Atası müflis olub başqa qadınla qaçandan sonra Marqarita Haaqaya köçür. Ardınca zabitlərdən birinə qoşulub Yava adalarında yaşamağa başlayır və ərinin içki aludəçisi olduğuna görə şərq rəqsləri ilə məşğul olur ki, acından ölməsin. Mata Hari təxəllüsü götürür və almanlar bunu öyrənir. Faşistlər düşmənləri olan fransızların sirlərini öyrənmək naminə Mata Harinin yardımından istifadə etməyi qərarlaşdırırlar. Əslində o, həm fransız, həm də almanlara xəfiyyəlik edirdi. Bəzi mənbələrə görə, Mata Hari minlərlə fransızın öldürülməsində günahkardır.
Bakının 2020-ci il savaşı və 2021-də 20 - ci yer...
Bu səbəbdən mahnının uğur qazanmayacağı əvvəlcədən proqnozlaşdırılırdı. Azərbaycanın yarışda 20-ci yerə çıxmasını 2020-ci ildə Avropanın razılığı olmadan Bakının II Qarabağ savaşına başlaması ilə də əlaqələndirirlər. Yəni, Avropa Azərbaycanın öz torpaqlarını azad etməsindən narahatdır və burada dünya erməniliyinin də az rolu yoxdur. Bu reallıq da “Avroviziya”nın mahnı yox, siyasi müsabiqə olduğunu bir daha sərgiləmiş olur... Yoxsa Avropa Birliyi ilə sağollaşan Britaniya sıfır xalla sonuncu yerə yuvarlanmazdı.
Samirə Efendi “Mata Hari” deyə zilə qalxsa da, əslində oxuduqlarının tərcüməsi başqa mənaları ifadə edir:
“Mən Allahsız bir casusam, bütün sirlərinizi ortaya çıxarır, onları istəyirəm. Qarşımı alacaq heç nə yoxdur. Mən bir yalançıyam. Bağlılıq oyunu oynayıram, həyatda qalanları rahat buraxmayacam. İndi mənə vurularsan? Kleopatra kimi sevənlərin ordusu, yanğın yaradıram. Yaman da, yalan da, yanan da mənimdir. Mən təhlükəli bir aşiqəm, zəhərli suyumu içirdirəm. Sənsə tilsimimin təsiri altındandasan. Cadugər çanağımı hərəkət elətdirirəm, müqavimət göstərməyə çalışırsan, amma dözə bilməyəcəksən. Sən bununla savaşmağa çalış. Danışacaq hekayəm var”
Şairlərin dili ilə desək, söz yığını və mənasız bir sujet xətti var. Mifologiya azərkeşləri isə mahnıdakı “zəhərli suyumu içirdirəm” sözlərində COVİD-19 vaksininə işarə axtarır. Bu düşüncədə olanlar “Həyatda qalanları rahat buraxmayacam” cümləsinin isə Bill Qeytsə məxsus olduğunu düşünürlər. Əslində isə mahnı, ritm və rəqslərə uyğun olan yeganə cümlə “cadugər çanağımı hərəkət etdirirəm”dir. Kişilərin ürəyincə olan yeganə element də elə bu oldu.
“Avroviziya” mahnı müsabiqəsinə hazırlıq prosesində çoxlu suallar var...
“Yəqin ki artıq vaxtı çatıb ki, biz qərarları özümüz verək, xaricilər yox. Bundan sonra mahnı seçimində, obraz seçimində, bir çox şeylərin seçimində söz üstünlüyü bizdə olmalıdır.
Ümumiyyətlə Azərbaycan təmsilçisinin başdan-ayağa hər şeyini, səhnəsini, səhnə geyimini, mahnı xarakterini, nə oxuyacağını özümüz seçməliyik. Mən başa düşürəm dünya təcrübəsi, Eurovisionun istiqaməti və s. Amma yəqin ki dünənki nəticə də bizə bir siqnal oldu ki, biz bir az istiqaməti dəyişməliyik. Biz tükənməmişik, sabaha çox güclü, çox enerjili və hər zaman ümidliyik. Bütün ölkələrə hörmətlə yanaşaraq, özümüzün heç kimdən əskik olmayan, daha da üstün olan potensialımızı göstərək”
Bu sözləri özünün “Facebook” profilində müğənni Tünzalə Ağayeva yazıb.
Həqiqətən də, Azərbaycanın musiqi beşiyi, dahi bəstəkarların doğulduğu torpaq olduğunu nəzərə alsaq, beynəlxalq müsabiqə üçün kompozisiyanın Ukrayna, yaxud Niderlandda ərsəyə gətirilməsi gülüncdür. Amma kimlər üçünsə qazancdır. Əldə etdiyimiz məlumatlara görə, daha əvvəl Ukraynada hazırlanan “Avroviziya” mahnısı üçün maksimum 5 min avro (10 min manat) pul lazım olurdu. Di gəl ki, sənədləşmədə həmin məbləğ əksini tapmırdı...
“Mata Hari” mahnısının yazılması və prodüserliyini holland musiqiçilər Emi van der Uel, Luk van Birs və Toni Kornelissen reallaşdırıb.
Onların bu parça üçün nə qədər pul tələb etdikləri bəlli deyil, amma Avropada bu tip mahnılar 15 min avro (30 min manat) vəsaitə həll olunur. Əlbəttə ki, bu informasiyalar Avropada yaşayan bəzi qaynaqlardan sızıb. “Avroviziya” üçün xərclənən pulların sadaladığımız məbləğlərin minimum on qatı olduğu və əslində daha az əskinasın gərəkdiyini biləndən sonra ümid etmək qalır. Ümid edirik ki, növbəti “Avroviziya” mahnısını azərbaycanlı sənətçilər bəstələyəcək, sözləri də istedadlı şairlərimizin qələmindən çıxacaq.
“Mata Hari” Masazır diskotekalarından o yana keçməz. Ancaq Sara xatun, Natəvan, Həcər kimi qadınlarımıza həsr olunan mahnılar Avroviziyanı Şuşaya gətirə bilər.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:40 / 24.05.2021
“Avroviziya”da Azərbaycanı uduzduran SƏBƏBLƏR - “Mata Hari”də vaksin eyhamı? - TƏHLİL
Hazırda oxunan: “Avroviziya”da Azərbaycanı uduzduran SƏBƏBLƏR - “Mata Hari”də vaksin eyhamı? - TƏHLİL
Hazırda oxunan: “Avroviziya”da Azərbaycanı uduzduran SƏBƏBLƏR - “Mata Hari”də vaksin eyhamı? - TƏHLİL
22184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.