Keçi südü, inək südündən fərqli olaraq, daha kiçik yağı molekullarına malikdir ki, bu da mədə-bağırsaq sistemində daha asan həzm olunur. Ana südünə bərabər olan keçi südünün faydaları çoxdur.
Həkimlər yenicə ana olmuş südü olmayan qadınlara uşaq qidalarından da əvvəl keçi südündən istifadəni məsləhət görürlər. Mütəxəssislər hesab edir ki, keçi südü sağlam yağlar baxımından olduqca zəngindir. Bu, sümük sağlamlığını dəstəkləmək, immunitet sistemini gücləndirmək və ümumi enerji səviyyəsini artırmaq üçün faydalıdır.
MÖVZU İLƏ BAĞLI:
Həkimlərin süni qida BİZNESİ – Körpələr ana südündən niyə məhrum EDİLİR?
Həqiqətənmi belədir?
Bizim.Media-ya açıqlama verən pediatr Aytən Ziyadova qeyd edib ki, keçi südü bəzi xüsusiyyətlərinə görə ana südünə nisbətən daha yaxın hesab edilsə də, ana südünü tam əvəz edə bilməz:
“Ana südü yenidoğulanlar və körpələr üçün ən ideal qida mənbəyidir. Keçi südü, xüsusilə bəzi həssaslıq hallarında və ya xüsusi ehtiyaclar zamanı nəzərdən keçirilə bilər”.
Pediatr keçi südünü digər südlərdən fərqləndirən amilləri də qeyd edib. O, ilk olaraq südün həzmə uyğunluğunu və digər xüsusiyyətlərini vurğulayıb:
“Keçi südünün protein və yağ tərkibi inək südünə nisbətən daha kiçik yağ globullarına və zəif allergik proteinə malikdir. Bu, həzm sisteminin daha rahat işləməsinə kömək edir.
Laktoza miqdarı inək südündən bir qədər azdır. Buna görə də laktoza həssaslığı olan bəzi insanlar keçi südünü daha asan həzm edə bilər.
Keçi südündə beta-kazein zülalı üstünlük təşkil edir ki, bu da onu həzm baxımından ana südünə daha yaxın edir.
Alfa-s1-kazein səviyyəsi aşağıdır, buna görə də keçi südü inək südünə nisbətən daha az allergikdir.
Keçi südü kalsium, maqnezium, fosfor, sink və A vitamini ilə zəngindir.
Bəzi amin turşuları və yağ turşularının miqdarı yüksəkdir, bu da körpənin inkişafı üçün faydalı ola bilər.
Keçi südü bağırsaq sağlamlığını dəstəkləyən təbii oligosaxaridlərlə zəngindir. Bu, ana südündəki oligosaxaridlərə bənzəyir”.
Aytən Ziyadova deyir ki, keçi südündəki bəzi zülallar inək südünə qarşı allergiyası olan uşaqlar üçün daha uyğun ola bilər. Ancaq bu hər uşağa aid deyil.
“Keçi südündə orta zəncirli yağ turşuları yüksəkdir, bu da enerji mənbəyi kimi daha tez metabolizə edilir”.
Müsahibimiz keçi südünün müsbət xüsusiyyətləriylə yanaşı, çatışmazlıqlarını qeyd etməyi də unutmayıb:
“Bəzi hallarda uşaqda keçi südünə qarşı da allergiya yaranır”.
“Keçi südündə fol turşusu (B9 vitamini) səviyyəsi çox aşağıdır. Bu səbəbdən uzunmüddətli keçi südü istifadəsi folat çatışmazlığına və anemiyaya səbəb ola bilər.
Körpələr üçün nəzərdə tutulan keçi südü məhsulları əlavə fol turşusu ilə zənginləşdirilir. Ancaq dəmir miqdarı azdır, bu da dəmir çatışmazlığına səbəb ola bilər.
Bu süd heç vaxt xüsusilə də ilk altı ay ərzində ana südünün əvəzi kimi istifadə edilməməlidir. Körpə formulaları hazırlanarkən ana südünün balanslı tərkibi nəzərə alınır.
Keçi südü inək südünə həssaslıq olan bəzi uşaqlar üçün daha yaxşı alternativ olsa da, bəzi hallarda keçi südünə qarşı da allergiya yaranır”.
Müsahibimiz sonda valideynlərə keçi südünün istifadəsiylə bağlı bir neçə tövsiyə də verib:
“İlk altı ayda yalnız ana südü məsləhət görülür. Ana südü yetərsiz olduqda və ya mümkün olmadıqda, həkim məsləhəti ilə xüsusi olaraq körpələr üçün hazırlanmış keçi südü əsaslı formulalar istifadə edilə bilər.
Saf keçi südü yalnız 1 yaşdan yuxarı uşaqlara və məhdud miqdarda verilməlidir. Fol turşusu və dəmir çatışmazlığının qarşısını almaq üçün əlavə qidalar ilə balanslaşdırılmış qidalanma təmin edilməlidir. Onun istifadəsi xüsusi ehtiyaclar və ya həssaslıq hallarına görə pediatrın məsləhəti ilə müəyyən edilməlidir. Ana südü mövcud olduqda həmişə birinci seçimdir”.
Nəzrin Mirzəyeva, Bizim.Media