Bildiyimiz kimi, uşaqlar körpəlikdən etibarən gördükləri hərəkətləri, deyilən sözləri təkrarlamağa və yaxud bunların təsirinə düşməyə başlayırlar.
Buna görə də mütəxəssislər valideynlərə tez-tez xəbərdarlıq edir ki, uşaqların yanında öz davranışlarına, ətraflarındakı insanların işlətdiyi sözlərə, oynadıqları oyunlara, eləcə də ekranda izlədiklərinə diqqət etsinlər.
Çünki bilirik ki, azyaşlıların sevimli əyləncələrindən biri də məhz cizgi film izləməkdir. Ancaq bu gün cizgi filmlərin sayı çoxdur və günümüzdə uşaqlar bunları adətən sosial media vasitəsilə izləyirlər. Dəhşətlisi odur ki, son illər çəkilən cizgi filmlərinin mövzuları uşaqların psixologiyasına və tərbiyəsinə mənfi təsir göstərir. İstər Azərbaycanda, istərsə də digər ölkələrdə çəkilən cizgi filmlərinin mövzusu uşaqlarda aqressiya, qəzəb, nifrət və zorakılıq hisslər aşılayır. Halbuki Cizgi filmləri mehribanlıq, humanistlik və səmimiyyət təbliğ etməlidir.
Nəticədə, onlar cizgi filmlərdən belə pis örnəklər götürə bilirlər. Bunun üçün də valideynlər cizgi film seçərkən yuxarıda sadalanan məqamlara diqqət yetirməlidirlər.
Psixoloq Ofelya Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, valideyinlər cizgi filmini uşaqların yaşına və xarakterinə uyğun seçməlidir:
“Uşaqların psixologiyasınn düzgün formalaşmasına təsir edən faktorlardan biri də məhz cizgi filmləridir. Son zamanlar uşaqlara aqressivlik, zorakılıq təbliğ edən cizgi filmləri çoxalır. Nəzərə alaq ki, cizgi filmləri uşaqların özünü dərk etmələri, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Çünki uşaqlar personajların gerçək və ya xəyali olduğunu anlaya bilmir və onlar kimi davranmağa çalışırlar”.
Müsahibimizin sözlərinə görə böyüklərdən fərqli olaraq uşaqların özlərini ifadə etmə bacarıqları tam formalaşmadığına, xəyal dünyaları geniş olduğu və hadisələri tam şəkildə qavraya bilmədiklərinə görə onlarda qorxuları ilə mübarizə çətin olur və öz qorxularının öhdəsindən gəlməkdə çətinlik çəkirlər:
“Bu halda da uşağın cizgi film qəhrəmanlarından qorxması, müəyyən müddət baxdığı cizgi filminə orda hansısa personajdan təsirləndiyi üçün sonra baxa bilməməsi və s. hallar olur. Bir çox hallarda film izləyib gecə yata bilməyən, qaranlıq fobiyası olan, tək yatmaqdan qorxan azyaşlı uşaqlarla çox rastlaşa bilirik”.
Psixoloq sadəcə cizgi filmlərin yox, digər amillərin də uşaqlara təsiri barədə valideynlərə xəbərdarlıq edib.
“Valideyinlər nəinki cizgi filmlərinin, həm də müxtəlif, onlayn kompüter oyunlarının, eləcə də kitablarda rəsm əsərlərinin azyaşlılara təsir edəcəyinə diqqət yetirməlidirlər”.
Nəzrin Mirzəyeva, Bizim.Media