Rusiyada uşaqsız həyat tərzini təbliğ edənlər ən azı 5 milyon rubl cərimələnəcək. Bununla bağlı qanun layihəsi Dövlət Dumasında ikinci və üçüncü oxunuşlarda qəbul edilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 1524 ailədə 9 və daha çox uşaq var – RƏSMİ
Yeni qanuna əsasən, könüllü olaraq uşaq sahibi olmamaq barədə təbliğat qeyri-ənənəvi cinsi münasibətləri və ya cinsi kimlik dəyişikliklərini təbliğ edənlər üçün nəzərdə tutulan cəzalarla eyni qaydada cəzalandırılacaq.
Layihə çərçivəsində vətəndaşlar üçün 100 min rubl (1,021 dollar), vəzifəli şəxslər üçün 200 min rubl (2,042 dollar), hüquqi şəxslər üçün isə bir milyon rubla (10,208 dollar) qədər cərimə və ya 90 günədək inzibati fəaliyyətin dayandırılması cəzası nəzərdə tutulur.
Bu təbliğat azyaşlılara ünvanlanarsa, cərimələr iki dəfə artırıla bilər. Media və ya internet vasitəsilə yayımlanan belə təbliğat üçün vətəndaşlar üçün cərimə 200 min rubl (2,042 dollar), vəzifəli şəxslər üçün 400 min rubl (4,084 dollar), hüquqi şəxslər üçün isə dörd milyon rubla (40,835 dollar) qədər ola bilər.
Könüllü uşaqsızlıq təbliğatının maksimum cəriməsi isə beş milyon rubl (51,044 dollar) olacaq və bu, azyaşlılara internet və ya media vasitəsilə ünvanlanan təbliğat üçün hüquqi şəxslərə tətbiq ediləcək. Bu halda, vətəndaşlar üçün cərimə 400 min rubl (4,084 dollar), vəzifəli şəxslər üçün isə 800 min rubl (8,167 dollar) olacaq.
Cari sanksiyalar xarici vətəndaşlara da şamil olunacaq.
Uşaqsız həyat tərzini təbliğ edən xarici vətəndaşlar üçün cərimə 100 min rubla (1,020 dollar) qədər olacaq və onlara Rusiyadan inzibati deportasiya və ya 15 günədək həbs tədbiq edilə bilər. Əgər söhbət azyaşlılara internet və ya digər media vasitəsilə belə təbliğat ünvanlanmasından gedirsə, cərimə 200 min rubldan (2,041 dollar) 400 min rubla (4,084 dollar) qədər dəyişəcək və deportasiya tədbiri də nəzərdə tutulur.
Ailə institutunu qorumaq üçün atılan belə bir addım Azərbaycanda da gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Fazil Mustafa bildirib ki, bu cür təşəbbüslər çoxdur:
“Rusiyada bu məsələ xüsusilə aktualdır. Türkiyədə də bunun yolları axtarılır. Hesab edirəm ki, bu, cərimə ilə, inzibati yolla düzələn məsələ deyil. Üstəlik, Rusiya modelinin Azərbaycanda tətbiqi heç də uğurlu olmaz. Biz əvvəlcə problemin sosioloji tərəflərini araşdırmalıyıq və tədqiqatlara əsasən ortaya çıxan nəticəyə görə qanunvericilikdə bununla bağlı müəyyən addımlar atıla bilər.
Amma tədqiqat aparmadan, Azərbaycan cəmiyyətinin xüsusiyyətlərini və real durumu anlamadan hansısa addımların atılması ancaq qanunları təqlid olunmasından başqa bir işə yaramayacaq. Ona görə də bu məsələnin inzibati yolla həllinə inanmıram”.
Müsahibimiz bu məsələdə ölkəmizin gecikdiyini də söyləyib:
“Biz indiyə qədər bu məsələnin tədqiqatını aparmalıydıq. “Aparmalıyıqsa, heç olmasa indi aparaq. Aparacağımız iş də elmi və sosial tədqiqatlara əsaslanmalıdır. Yalnız bundan sonra bu məsələ ilə bağlı hansısa addımların atılması məqsədəmüvafiq ola bilər”.
Surxay Atakişiyev. Bizim.Media