Alimlər də sertifikasiyadan keçəcəklər? – Deputatlardan TƏZADLI YANAŞMA

Alimlər də sertifikasiyadan keçəcəklər? – Deputatlardan TƏZADLI YANAŞMA

Hazırda oxunan: Alimlər də sertifikasiyadan keçəcəklər? – Deputatlardan TƏZADLI YANAŞMA

217219

Orta təhsil məktəblərində müəllimləri arasında sertifatlaşdırmanın başlanılması cəmiyyəti sözün həqiqi mənasında silkələdi. Hansı yollarlasa dərs yükü qazanan müəllimlər xüsusilə narahat oldu. Müəllimlər arasında rəqabət hissi bir qədər gücləndi. Üstəlik, bu layihə müəllimlərin sosial durumuna da əsaslı təsir etdi.

Ona görə də əksəriyyət belə hesab edir ki, bu islahat elm və təhsil sisteminin bütün sferalarını əhatə etməlidir. Bu gün elmi-tədqiqat institutlarındakı vəziyyət sözün bütün mənasında üzücüdür. 500-600 manat əmək haqqı alan insanların nəylə məşğul olduğunu nə özləri, nə də ki, cəmiyyət bilmir.

“Bütün müəllimlər sertifikatlaşdırılmalıdır”

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Milli Məclisin komitə sədri Fazil Mustafa bildirib ki, Zamanında orta məktəb müəllimlərinin sertifikasiyasına da münasibət birmənalı deyildi:

“Amma bu layihə icra olunmaqdadır. Hesab edirəm ki, bu layihəyə start verilibsə bu elm və təhsilin bütün sferalarını əhatə etməlidir. Əks təqdirdə bu layihə yarımçıq qalmış sayılacaq. Ona görə də məsələyə daha çox bu konteksdə yanaşmaq lazımdır.

Ali məktəblərin və elmi-tədqiqat institutlarının da yeni qaydalara uyğunlaşması vacibdir. Çünki elm və təhsil sistemində ümumi standartlar olmalıdır. Əgər bu standartlar tətbiq edilməsə onda başlanan islahat yarımçıq qalacaq. Mən ümumilikdə yaşlı müəllimlər istisna olunmaqla müəllimlərin kateqoriyalar üzrə sertifikatlaşmasının tərəfdarıyam. Yaşlı müəllimlərin daha çox təcrübəsinə diqqət etməliyik. Ali məktəblərdə də bu belədir. Təcrübə amili təhsil sistemində ən vacib məsələlərdən biri kimi göstərilməlidir”.

“Uğurlu olmaya bilər”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovsa məsələyə fərqli yanaşıb:

“Orta məktəb müəllimləri arasında sertifikasiya zərurətdən irəli gələn bir məsələdir. Amma bunu sabah ali məktəblərdə, o biri gün digər sahələrdə tətbiq etmək o qədər də uğurlu olmaya bilər. Ona görə ki, bu tədbirin keçirilməsi kifayət qədər çox vəsait tələb edir. Sertifikasiyanın özü də dövlətdən kifayət qədər vəsait aparır.
 

Ali məktəblərdə və elmi-tədqiqat institutlarında sertifikasiyanın aparılmasının tərəfdarı deyiləm. Çünki bu sahədə çalışanları fədəkar insanlardır. Onlar çox az əmək haqqı müqabilində yorulmadan çalışırlar. Amma ali məktəblərdə və elmi-tədqiqat mərkəzlərində göstəricilərin aşağı olmasının səbəbləri başqadır. Bu sahədə müəyyən konsepsiya, sistem və ən başlıcası dəstək olmalıdır. Bunlar olmayınca elm sahəsində konkret nəticə əldə edə bilməyəcəyik.


Bundan əlavə ali məktəblərdə çalışan müəllimlər onsuz da 5 ildən bir ali attestasiyadan keçirlər, onların sənədlərinə baxılır. Ona görə də ali məktəblərdə sertifikasiyanın aparılmasına zərurət yoxdur”.

“Onsuz da bu sahəyə gənclər arasında maraq çox azdır”

Millət vəkili elmi-tədqiqat institutlarında maaş məsələsində də vəziyyətin çox acınacaqlı olduğunu qeyd edib:

“Akademiya sistemində çalışan adam cəmi 500 manat alır. Ona görə də bu sahədə çalışan insanlar ailəsini dolandırmaq üçün 2-3 yerdə işləməli olurlar. Yəni “ETİ-larındakı insanları heç bir işlə məşğul olmur” demək insafsızlıq olardı. Bu sahə mənə çox yaxındır. Ona görə də bu sahənin problemlərini yaxşı bilirəm.

ETİ-lərdə elmi araşdırmalarının kifayət qədər olmaması, orada çalışan alimlərin fəaliyyətsizliyi ilə bağlı deyil. Orada problem ümumidir. Problem həmin insanların qarşısına qoyulan vəzifələrlə bağlıdır. Ola bilsin ki, o sahədə 5-10 faiz təsadüfi adam var. Amma cəfakeş insanlar çoxdur.

Onsuz da bu sahəyə gənclər arasında maraq çox azdır. Əgər ETİ-lərdə sertifiksiya tətbiq edilsə, o zaman bu sahəyə gələnlərin qarşısı alınmış olacağıq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO