Azərbaycanda səhiyyə sisteminin rəqəmsallaşdırılması ilə əlaqədar Elektron Resept sisteminin tətbiqinin yubanması ilə bağlı yazıya Səhiyyə Nazirliyi reaksiya verib.
Nazirliyin Bizim.Media-ya cavabında isə belə deyilir:
“Artıq Elektron Resept sistemi 366 tibb müəssisəsinə tətbiq olunmağa başlayıb. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq Sərəncamına uyğun olaraq bu ilin yanvar ayından etibarən tibb müəssisələrində Elektron Resept Sistemi tətbiq edilməyə başlayıb və proses mərhələli şəkildə davam edir.
Elektron Resept Sisteminin tətbiqi mərhələsini asanlaşdırmaq məqsədilə istifadəyə verildiyi vaxtdan etibarən mütəmadi olaraq həkimlər və əczaçılar üçün təlim və vebinarlar təşkil edilir, sosial şəbəkələrdə təlimat xarakterli videolar dərc edilir.
Elektron Resept Sisteminin tətbiqi ilə bağlı vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılır. KİV-də vətəndaşları məlumatlandırmaq məqsədilə maarrifləndirici məqalələr və video reportajlar yayımlanır. Ölkədə səhiyyə sahəsində yeganə maarrifləndirici mətbuat orqanı olan “Sağlam Radio” vasitəsilə mütəmadi olaraq Elektron Reseptlə bağlı mövzular işıqlandırılır".
Nazirlikdən o da bildirilib ki, Elektron Resept Sisteminə veb brauzerlərdən www.reseptim.az və ya müvafiq mobil cihazlar vasitəsilə Google Play və ya App Store-dan “Reseptim” mobil tətbiqini yükləməklə qoşulmaq olur:
"Elektron Resept Sisteminin tətbiqi ilə bağlı tibb müəssisələri və həkimlər arasında maarifləndirici diskussiyalar aparılır, tibb müəssisələri rəsmi və işçi qaydada məlumatlandırılır. Prosesi davamlı monitorinqlər vasitəsilə izlənilir, nəzarət prosesini gücləndirmək məqsədilə müvafiq sistem üzərindən statistik göstəricilər təhlil edilir. Hazırda Səhiyyə Nazirliyinin tabeliyində olan ölkə üzrə 366 tibb müəssisəsi və 2900 aptek Elektron Resept Sistemini tətbiq edir”.
Rəna Cumaqızı, Bizim.Media