Ötən gün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirilib.
Təqdim edilən proqram əsasında ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların peşə üzrə ümumi biliklərinin müəyyən edilməsi, məntiqi düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir.
MÖVZU İLƏ BAĞLI:
Məktəb direktoru olmaq istəyənlər İMTAHAN VERƏCƏK
Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdirilir.
Məlumdur ki, dövlət qulluğu üçün DİM tərəfindən ayrıca imtahan keçirilir. Özəl sektorda isə diploma yox, peşəkarlığa üstünlük verilir. Bu mənada peşə tanınması üzrə imtahanın keçirilməsi xeyli sual doğurur. Birincisi, bu cür imtahanların keçirilməsinə böyük ölçüdə dövlət vəsaiti xərclənir. İkincisi, xaricdə təhsil alanların diplomunun tanınması üçün Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyət göstərir. Ən nəhayət, bu imtahanların nəticələrinin ünvanı bəlli deyil.
DİM-in nəticələri isə işəgötürənlər üçün heç də əsas sayılmır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafa bildirib ki, bu müzakirəyə açıq məsələdir:
“Əgər xaricdə təhsil alan şəxsi hansısa sahibkar işə götürürsə, bunda heç bir problem yoxdur. Bundan başqa, istər xaricdə, istərsə də ölkədə təhsil almış istənilən şəxs dövlət qulluğuna götürülən zaman DİM-də ayrıca imtahan verir. Ona görə də bu cür imtahanların, baryerlərin anlamı yoxdur. Bunu qeyri-rəsmi də həyata keçirtmək olar. Bu hər bir təşkilatın daxili işidir. Ona görə də DİM tərəfindən keçirilən peşə tanınması üzrə imtahanın məqsədi və məramı tam açıqlanmalıdır ki, insanlarda məsələ ilə bağlı hər hansı bir şübhə yeri qalmasın”.
Surxay Atakişiyev, Bizim.Media