Ağciyər İnstitutunda maliyyə fırıldağı – COVID xəstələri ilə işləməyən həkimlərə MAAŞ yazılır - SƏSYAZISI

Ağciyər İnstitutunda maliyyə fırıldağı – COVID xəstələri ilə işləməyən həkimlərə MAAŞ yazılır - SƏSYAZISI

Hazırda oxunan: Ağciyər İnstitutunda maliyyə fırıldağı – COVID xəstələri ilə işləməyən həkimlərə MAAŞ yazılır - SƏSYAZISI

21484

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 4 ildən çoxdur davam edən qalmaqal bitmək bilmir. Bu dəfə İnstitutun Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri Nuriyyə Səlimova ilə işçiləri arasında insident yaşanıb. 

Labaratoriya həkimi Aynur Əsədli Bizim.Media-ya müraciətində bu barədə şikayətlənib. Dediyinə görə Nuriyyə Səlimova labaratoriyaya şöbə müdiri vəzifəsinə təyin olunandan onların “qara günləri” başlayıb. İşçilər arasında ayrıseçkilik, özbaşınalıq, xoş olmayan davranışlar və ən nəhayət öz ailəsini işinə alət etməsi onları əməlli-başlı təngə gətirib. Şikayətçi bildirib ki, institut rəhbəri və xəstəxanadan hər hansı narazılığı olmasa da, Nuriyyə Səlimova ilə işləyə bilmir:
 

MÖVZU İLƏ BAĞLI:

Ağciyər İnstitutundan ÖLÜM TƏHLÜKƏSİ – Qəzalı labaratoriyada nə iş görülür?


“Çox böyük aktrisalıq və ikili oynamaq qabiliyyəti var”

“Labaratoriyada çalışan 20 nəfər işçinin 90 faizi Nuriyyə xanımdan narazıdır. Razı olanlar onun qeyri-qanuni əməkhaqqı yazdırdığı, tərəfinə çəkdiyi insanlardır. Əslində o insanlarla da Nuriyyə xanımın konflikti olub. Sadəcə əqidəli və əqidəsiz insanlar var.

Sonuncu hərəkəti ilə isə lap həddini aşdı. Onu davranışlarına görə rəhbərlik danlamış və xəbərdarlıqla cəzalandırmışdı. Nuriyyə xanım isə cildə girərək guya səhhətində ciddi problem yaranıb və “ürəyi gedib”. Onun çox böyük aktrisalıq və ikili oynamaq qabiliyyəti var.

Qızı Minurə xanım şöbəmizin “Watsapp” qrupuna tərbiyəsizcə səs göndərərək, bizə hədə-qorxu gəlib. Maraqlısı isə odur ki, baş verənlərlə bağlı adımı çəkib və məni günahlandırıb. Məni niyə günahlandırır anlamıram. Rəhbərlik Nuriyyə xanımı yanına çağıranda mən işdə olmamışam. Yəni onun yalançı ürəkgetməsi ilə mənim heç bir əlaqəm yoxdur”. 

Həkimlərə qeyri-qanuni əməkhaqqı yazdırır

Şikayətçinin iddiasına görə Nuriyyə Səlimova institutun koronavirus xəstələri ilə çalışmayan həkimlərinə qeyri-qanuni əməkhaqqı yazaraq hesabat şəklində rəhbərliyə təqdim edib:

“Onun belə bir əməkhaqqı verməyə ixtiyarı yoxdur. Amma ötən ay rəhbərliyi aldadaraq iki nəfər bülletendə, bir nəfər məzuniyyətdə olana və bir nəfər kompüter işçisinə maaş yazmışdı. Bundan da rəhbərlik xəbər tutmuşdu və xəbərdarlıq şəklində onu cəzalandırmışdı. Bu adam iki dəfə cəzalansa da, elədiklərindən qalmır. Ümid edirəm tam cəzasını alar”.

Dövlət büdcəsinə 40 min manat ziyan vurub

Nuriyyə Səlimova ondan şikayətçi olan işçisinin ittihamlarına münasibət bildirib. O, deyib ki, barəsində deyilənlərin heç bir əsası yoxdur. Sadəcə institutda onunla düşmənçilik edənlər var:

“4 ildir mənlə düşmənçilik edən Aynur Əsədli və onun komandası əleyhimə hər yerdə xoşagəlməyən sözlər danışırlar. O, uzun illərin düşmənçiliyini edir. Keçmiş şöbə müdiri Aygün Alxasova idi. O, dövlət büdcəsinə 40 min manat ziyan vurmuşdu. Sonra onun yerinə məni təyin etdilər.

Şöbə müdiri olduğum gündən Aygün Alxasovanın tərəfdarları Aynur Əsədli və Şəhla Əsgərova özləri deyir ki, biz səni istəmirik. Ciddi bir səbəb yoxdur. Mən onlara fədakar insan olmuşam. Sizə 13 nəfərin imzası olan müraciəti göndərə bilərəm ki, ünvanıma necə xoş sözlər yazılıb. Öz şəxsi hesabıma onların hər birinin labaratordaxili problemini həll etmişəm.


Aynur Əsədli başda olmaqla onun komandası dəfələrlə səhhətimə ziyan vurublar. Övladım onlara iradını bildirib ki, anama nəsə olsa, barələrində Baş Prokurorluğa müraciət ediləcək. Bu insanlar məndən əl çəkmir və çalışırlar ki, karyerama xələl gətirsinlər.

Mən alnıaçıq və üzüağ insanam. İstənilən vaxt komissiya təşkil olunub iş fəaliyyətimi yoxlaya bilərlər. Aidiyyəti qurumlar gəlib, məni əleyhimə olan insanlarla üzləşdirə bilərlər. Sadəcə, o insanlara ayıb olsun!”

Nuriyyə Səlimova COVID-li xəstələrlə işləməyən həkimlərə əməkhaqqı yazması ilə bağlı iddialara da mövqe bildirib. O, deyib ki, belə bir səlahiyyəti yoxdur:

“Baş mühasib və ya institut rəhbəri deyiləm ki, hansısa işçiyə əlavə maaş yazım. Bunlar hamısı qanun çərçivəsində olur. Siyahı və jurnallar var. Biz onları sübut edə bilərik. Rəhbərlik ona yazıb verdiyi hesabatı 10 dəfə geri qaytarır və hər bir detalına qədər çözür.

Belə olan halda mən kimə artıq nəsə yaza bilərəm? Şöbə müdiri kimi rəhbərliyin mənə verdiyi göstərişi icra edirəm. İş fəaliyyətinə uyğun insanlar məvaciblərini alırlar. Bu insanlar fəaliyyətimi həzm etmir və məni gözdən salmağa çalışırlar. İş o yerə çatıb ki, dəfələlərlə ərizə yazıb işdən çıxmaq istəmişəm. Bəzi işçilərin xahişini nəzərə alıb, bu addımı atmamışam. 

Rəhbərlik ölçü götürmür

Nuriyyə Səlimova əlavə edib ki, Aynur Əsədli və komandası ilə bağlı çox sayda neqativ hallar olsa da, rəhbərlik ölçü götürməyib:

“Hər dəfə rəhbərliyə deyirdim ki, insan iradını bildirəndə cavabı kəsərli vermək lazımdır. Mədəni insanları susdurmaq rahat olur. Ona görə də rəhbərlik çox vaxt elə qərara gəlir ki, mən işçiləri yola verim və səsləri çıxmasın. Amma bir dəfə işçiyə desə ki, get işinlə məşğul ol və ya xoşun gəlmirsə, ərizəni yaz. O zaman məsələ böyüməz. Xırda problemlər çoxdur. Amma biz əl-ələ verib işləməliyik”.
 

Qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbəri Həqiqət Qədirova işçiləri arasında baş verən qalmaqaldan xəbərdardır. Şöbə müdirindən şikayətçi olan Aynur Əsədli xəstəxana rəhbərinə ötən gün rəsmi ərizə ilə müraciət edib. 


Məsələ ilə bağlı Həqiqət Qədirova ətraflı açıqlama verməsə də, suallarımızı belə cavablandırıb:

“Kimlər şikayət edib? Şikayətin surətini göndərə bilərsinizmi? Araşdırmalıyam. TƏBİB-ə müraciət edin, zəhmət olmasa”.

TƏBİB isə onlara rəsmi müraciət etməyimizi istəyib.

Alçina Amilqızı, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO