Bakıda sərxoş kişi arvadına işgəncə verdi

Bakıda sərxoş kişi arvadına işgəncə verdi

Hazırda oxunan: Bakıda sərxoş kişi arvadına işgəncə verdi

214093

Bakının Xəzər rayonunda 1973-cü il təvəllüdlü Vəli ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində baş verib.

Vəli yaşadığı evdə həyat yoldaşı Səbinə ilə aralarında baş vermiş mübahisə zəminində yumruqla onun sağ qol nahiyəsindən bir neçə dəfə vurub. Nəticədə Səbinə xəsarət alıb.

Hadisəni törədən Vəlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Səbinə ilə birgə nikahdan iki övladı var:

"Hadisə günü, saat təxminən 19 radələrində yaşadığım evdə bir qədər spirtli içki qəbul etdim. Evdə olan Səbinə anamla mübahisə etdi və ona cavab qaytardı. Mən də bundan əsəbiləşərək Səbinəni yumruqla sağ qol nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq ona xəsarət yetirdim. Arvadıma xəsarət yetirən zaman evdə anam və oğlum olsalar da, digər otaqda olduqları üçün hadisənin şahidi olmayıblar".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, əri Vəli mütəmadi olaraq spirtli içki qəbul edir, sərxoşluqdan əziyyət çəkir:

"Hadisə günü, saat təxminən 19 radələrində yaşadığımız evdə ərim bir qədər spirtli içki qəbul etdi. Daha sonra sərxoş vəziyyətdə mənimlə mübahisə etdi. Mən də ona cavab qaytardım. Bu zaman ərim yumruqla sağ qol nahiyəmdən bir neçə dəfə qəsdən vurdu".

Zərərçəkmiş qeyd edib ki, daha sonra döyülərək xəsarət almağı barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verib:

"Polis əməkdaşları bizi polis şöbəsinə apardılar. Vəli məni evdə yumruqla sağ qol nahiyəmdən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirmişdi".

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vəli 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
 

Təqsirləndirilən şəxsin yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.


Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO