“İnstagram”dan mesaj yazdığı qızın sevgilisini bıçaqlayan şəxs: “Barışmışıq, münasibətimiz yaxşıdır”

“İnstagram”dan mesaj yazdığı qızın sevgilisini bıçaqlayan şəxs: “Barışmışıq, münasibətimiz yaxşıdır”

Hazırda oxunan: “İnstagram”dan mesaj yazdığı qızın sevgilisini bıçaqlayan şəxs: “Barışmışıq, münasibətimiz yaxşıdır”

213819

Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Həsənəli İbrahimlinin məhkəməsi başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmişin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Dövlət İttihamçısı ittiham aktını elan edib.

İttiham aktına görə, Tacir Adişli Həsənəli İbrahimlini sevgilisi “Z” adlı şəxslə (şərti ad) "İnstagram" sosial şəbəkəsi üzərindən yazışarkən görüb və daha sonra hadisənin baş verdiyi parka çağırıb. Parkda Həsənəli özü ilə gətirdiyi mətbəx bıçağı ilə Taciri kürəyindən vuraraq yaralayıb. Hadisə baş verdiyi zaman hər ikisi azyaşlı olub.

Həsənəli İbrahimli özünü təqsirli bilib.

Dövlət ittihamçısının təklifi ilə öncə təqsirləndirilən şəxs daha sonra zərəçəkmiş və şahid dindirilib.

Həsənəli İbrahimli bildirib ki, parka onu Tacir Adişli çağırıb:

"Hadisə 25 aprel təqribi saat 4 radələrində baş verib. Sinif yoldaşım “Z” adlı qız (şərti ad) ilə dost kimi "İnstagram"da danışırdıq. Elə bu vaxt Tacir mənə “Z”nin səhifəsindən yazdı və onun sevgilisi ilə söhbət etməməyi tələb etdi. Daha sonra məni təhqir etdi. Mən də bunu cavabsız qoymadım və aramızda mübahisə yarandı. Sonra məni görüşmək məqsədi ilə 136 nömrəli məktəbin yanındakı parka çağırdı. Mən də mətbəx bıçağını alıb həmin ünvana getdim.

Gördüm ki, tək deyil, yanında 3-4 dostu var. Amma mənə tək gələcəyini demişdi. Mən də qorxdum və əlimdəki bıçağı ayağına vuraraq yaralamaq istədim. Amma səhvən belinə vurdum. Sonra qaçaraq uzaqlaşdım.

Evimə çatdım. Digəriləri də dağılışdı. Kömək çağırmadım. Bıçaq isə hələ də əlimdə qalmışdı. Daha sonra təslim oldum və həmin soyuq silahı polisə təqdim etdim".

Təqsirləndirilən şəxs əlavə edib ki, hazırda zərəçəkmişlə aralarında problem yoxdur. 

"Hadisədən sonra barışmışıq. İndi mübasibətimiz də yaxşıdır".

Daha sonra Tacir Adişli ifadə verib. O deyib ki, niyyəti dava etmək olmayıb: 

"Hadisə təqribi saat 4-5 arası baş verib. Mən "İnstagram"da vaxt keçirirdim. Bu zaman Z-ya mesaj gəldiyini gördüm. Onun səhifəsi məndə də mövcud olduğundan gördüm ki, Həsənəli adlı şəxslə yazışır. Onu tanımırdım. Sadəcə yazdım ki, daha Z-ya yazmasın. O da mənimlə xoşuma gəlməyən tərzdə danışdı. Mən də təhqir elədim. Beləliklə aramızda mübahisə yarandı. Sonra onu 136 nömrəli parkın yanına çağırdım. Getdim, həmin parka gördüm dostlarım oturub. Həl-əhval soruşduqdan sonra gedib parkda skamyada əyləşdim.
 

Telefonla oynayarkən birdən belimdə ağrı hiss etdim. Elə bildim ki, dostlarım zarafatla təpik vurub. Lakin arxaya dönəndə gördüm ki, Həsənəli əlindəki alətlə hücum edib. Səhv etmirəmsə bıçaq idi, tam görmədim. Daha bir zərbə ilə də üzümü cızdı. Sonra o qaçdı. Mən də əlimi belimə vuranda gördüm ki, qanayır. Qaçdım evə və qapının önündə huşumu itirdim. Hər şey çox ani baş verdi".


Tacir də hazırda barışıq əldə olunduğunu deyib və məhkəməyə ərizə təqdim edib:

"İndi Həsənəli ilə barışmışıq, aramız yaxşıdır. Onlar mənə dəymiş ziyanı ödəyiblər. Şikayətim və ya tələbim yoxdur". 

Daha sonra adı çəkilən Z adlı qız şahid qismində ifadə verib. O, yetkinlik yaşına çatmadığı üçün qanuni nümayəndəsi olaraq valideyni də iştirak edib.

O, bildirib ki, hadisənin necə baş verdiyini tam bilməyib:

"Öncə Həsənəli mənə "İnstagram" sosial şəbəkəsi üzərindən dostluq sorğusu yolladı. Məndə sinif yoldaşımdır deyə qəbul etdim. Arada danışırdıq. Yalnız dost kimi ünsiyyətimiz olub. Elə vaxtlardan birində Tacirin mənim səhifəmdən ona yazdığını gördüm. Mübahisə etdilər. Təhqir də olduğu üçün daha sonra öz şəxsi səhifələrindən davam etdilər. İlk kimin təhqir etdiyini xatırlamıram".

Digər şahid Murad prosesdə iştirak etməyib.

Onun da dindirilməsi məqsədilə proses 28 oktyabr tarixinədək təxirə salınıb. Qeyd edək ki, hadisə Binə qəsəbəsində yaşanıb. Belə ki, H.İbrahimli qonşusu, 2006-cı il təvəllüdlü Adişli Tacir Daxil oğlunu bıçaqlamaqda təqsirləndirilir. T.Adişli kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. H.İbrahimliyə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurmaq) 221.3-cü (silah qismində istifadə edilə biləcək əşyaları daşımaq və istifadə etmək) maddəsi ilə ittiham irəli sürülüb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO