Bildiyimiz kimi, “28 May” metrostansiyasında da yeraltı keçiddən “Cəfər Cabbarlı” stansiyasına giriş var. Həmçinin, bu girişin bir tərəfi vasitəsilə isə “28 May” stansiyasına yol var. Ancaq artıq bir neçə dəfədir ki, metro əməkdaşları vətəndaşların həmin tərəfdən “28 May”-a daxil olmasına icazə vermir. Onlara sərnişinlərə “Cəfər Cabbarlı” stansiyasından düşərək “28 May”-a daxil olmağı məsləhət görürlər. Sərnişinlər isə o yoldan istifadə edərkən əlavə vaxt itirməli olurlar.
Bunun səbəbi nədir? Sərnişinlər niyə keçid vasitəsilə birbaşa yox, əlavə yol gedərək “Cəfər Cabbarlı”-dan “28 May”-a daxil olmağa məcbur edilirlər?
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda metrodan istifadə edən sərnişinlərin sayı 5 %-dən çox ARTIB
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu məhdudiyyətin qoyulmasının səbəbi sıxlığın tənzimlənməsiylə bağlıdır:
“Cəfər Cabbarlı” stansiyasından tunel vasitəsilə “28 May” stansiyasına keçid üçün şərait yaradılır. Ancaq digər tərəfdən pilləkənlə qalxıb eskalatorla yenidən stansiyaya düşəndə stansiyanın əsas girişindən gələnlər də olduğu üçün sərnişin sıxlığı olur. Buna görə də sərnişinlərdən xahiş olunur ki, “Cəfər Cabbarlı”dakı tuneldən “ 28 May” stansiyasına daxil olsunlar. Bu, sıxlığı tənzimləməyə təsir edir”.
Müsahibimiz izah edib ki, sərnişinlər keçid vasitəsilə turniketdən keçib eskalatorla yenidən “28 May” stansiyasına düşmək istəsələr, kifayət qədər vaxtları gedəcək:
“Ancaq tuneldən davam etsələr, 100-200 metr getdikdən sonra “28 May” platformasına çatacaqlar. Yəni, artıq yol getsələr belə, platformaya sıxlıq olmadan, rahat daxil ola biləcəklər”.
Nəzrin Mirzəyeva, Bizim.Media