Qəsdən adam öldürməkdə təqsirləndirilən Əsgərov Fuad Natiq oğluna hökm oxunub.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə Fuad Əsgərov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək" qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbs edilib.
Əlavə edək ki, F.Əsgərov tanışı zərərçəkmiş Əliyev Elmar Nağı oğlu ilə barışıb və əməlindən peşmandır. Ancaq zərərçəkən məhkəmənin çağırışlarına gəlmədiyindən məhkəmə heyəti barışıq ərizəsini əldə edə bilməyib.
Qeyd edək ki, cinayət hadisəsi bu ilin əvvəlində Bakı şəhərində baş verib. Fuad Əsgərov tanışı Elmar Əliyevi münaqişə zəmnində bıçaqlayıb.
Selcan Zaurqızı, Bizim.Media