Fazil Mustafa: “Məni niyə Şuşaya aparmadılar?”

Fazil Mustafa: “Məni niyə Şuşaya aparmadılar?”

Hazırda oxunan: Fazil Mustafa: “Məni niyə Şuşaya aparmadılar?”

21078

“İki günlük festivalda mən Bakıda oturmuşdum. Ancaq hamıdan çox, hamıdan qat-qat artıq Şuşadaydım. Çünki orada Azərbaycan dövlətinin başçısı vardı, mənim millətimin insanları vardı, mənim dilimin, musiqimin səslənişi vardı, mənim dinimin Əzanı vardı. İndi bir də düşünün, məgər bütün Azərbaycan Şuşada deyildi?”

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında bildirib.

O, bu məsələdə incik düşənləri qınayıb: “İncik səslər eşidirəm. İncik yazılara rast gəlirəm. "Məni niyə Şuşaya aparmayıblar?". Sanki bunu bir ədalətsizlik kimi görənlər var. Əlbəttə, o cür gözəl festivalda canlı ifaları dinləməyi, Şuşanın yeni doğulmuş ay kimi nurunu udmağı kim istəməz ki?.. 

Doğrudanmı yaradan bizə bu neməti bəxş etdi? Cəmiyyət olaraq davamlı şükranlıq ənənəmiz yox kimidir, səbrsizik, arxayınçılığı sevirik, dar günə hazırlaşma proqramımız da arzulanan kimi deyil. O halda bu nemət bizə bəlkə yenidən bir sınaq üçün verilib? Bu Şuşadan, bu Qarabağdan sonra bu millət hökmən yeniləşməlidir”. 

Fazil Mustafa bildirir ki, Qarabağda da bütün məscidlərin bərpasının planlaşdırırılması çox gözəl addımdır:

 

“Ancaq düşünürükmü ki, bu məscidləri hansı müsəlmanlar dolduracaq. Birinin beyni Fələstində, başqasınınkı Qumda, o birininki Ərəbistan yarımadasında. Beyni ancaq Qarabağda olan, beyni ancaq Azərbaycanda olan müsəlman boşluğunu doldurmalıyıq ilk öncə.


Vətən məsələsi də həmişə belədir. Hər şəhid olan dəyərini almaya bilər. Hər qazi olan arzuladığı qayğını, diqqəti görməyə bilər. Əsil savaşan müharibə veteranı vəsiqəsinin dalınca getməyə bilər. Bir gün cəbhə yaxınlığına ezamiyyətə getmiş birisi isə bu vəsiqəni necə lazımdır düzəldib, insanın gözünə soxa bilər. Kimsə qəhrəmanlıq göstərər, ancaq orden, medal təltifində unudular. Kimsə fərarilik edər, ancaq üç medalı yaxasına birdən taxar. Nə olsun? İndi anladığım gerçəyi deyim sizə. Vətən məsələsində Allahın nəzərinə baxılar yalnız. Adsız qəhrəman da ola bilərsən, əl üstə gəzdirilən ən üstün insan da. Elə sındırarlar ki, küsüb ölkədən də gedə bilərsən. Vətən sevgisinin statusu olmaz. Eləcə də Vətənə xidmətin statusu olmaz. Cəmiyyətin, dövlətin verdiyi qiymətdə artıqlıq, əksiklik ola bilər. Ancaq Allahın verdiyi qiymətdə tərəzi həmişə düz olacaqdır”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO