Son vaxtlar ad dəyişmə ilə bağlı sosial şəbəkələrdə təbliğatyönümlü məlumatlara rast gəlirik. Əksəriyyət özünü terapist adlandıran falçı və ya molla yanına gedərək adlarını dəyişir. Dediklərinə görə, ad dəyişməklə həyatları da dəyişə bilər. İddialara görə ad dəyişəndən sonra kimisinin bəxti açılır, kimisi iş tapır, kimisinin isə xəstəliyinin sağaldığı iddia olunur.
Bəs bu deyimlər nə dərəcədə realdır?
MÖVZU İLƏ BAĞLI:
Bakıdakı kilsələrə kimlər “cadu sındırmağa” gedir? – İlahiyyatçıdan REAKSİYA
Psixoloq Bahar Bəylərova Bizim.Media-ya açıqlamasında ad dəyişiminn normal hal olduğunu hesab edir:
“İnsanlar bəyənmədiyi adlarını dəyişdirməyə maraqlıdır. Ad dəyişdirilə bilən bir şeydir. Necə ki, insan bəyənmədiyi geyimi geyinərkən özünü xoşbəxt hiss etmir, eləcə də sevmədiyi adla ona səslənəndə əhvalı korlana bilər. Bu tamamilə normaldır. Elə çox insan buna görə rəsmi olaraq adını dəyişdirmək istəyir”.
Problemləri ilə üzləşmək əvəzinə falçılara üz tutanlar...
Psixoloq bildirir ki, ad dəyişməklə həyatın dəyişməyi cəfəngiyyatdır:
“İnsan nəyə inanırsa, onu da yaşayır. Ad dəyişmə üçün müraciət edənlər də inanır ki, bununla həyatları dəyişəcək və ya hansısa problemləri həll olunacaq. Amma bu tamamilə psixolojidir. İnandıqları üçün o cür olur. Bəzən deyirlər ki, qohumlardan ölən birinin adını daşıyanda həm də onun həyatını yaşaya bilərsən. Amma bu sadəcə cəmiyyət arasında yayılan mövhumatdır. Problemləri həll etməyin yolu ad dəyişmək deyil, insanlar daha məntiqli yollar tapmaq əvəzinə asana qaçırlar. Bu tamamilə yalnışdır”.
Pul tələsi
Psixoloqun fikrincə, bu kimi məsələlərin təbliğ olunması cəmiyyətin inkişafına və savadlılıq dərəcəsinə mənfi təsir göstərir:
“Ad dəyişməklə həyatın dəyişməsi düşüncəsinin heç bir elmi açıqlaması yoxdur. Unutmayın ki, bu cür məsələlərin gündəmə gətirilməsi insanları pul tələsinə salmağın yoludur. Falçılara pul tökmək sizi narahat edən problemi həll etməyəcək”.
Nuray, Bizim.Media