Ağdaşa toya dəvət alan Qobustan sakini amansızlıqla öldürülüb.
Bizim.Media-nın bürosu xəbər verir ki, hadisə rayon mərkəzində baş verib.
Belə ki, Qobustan rayonunun Nərmankənd sakini 28 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Ağdaşda 28 yaşlı gənc qətlə yetirildi - QATİL AXTARILIR
Toyda İlkin İsgəndərli ilə digər şəxs və ya şəxslər aralarında mübahisə yaranıb. Daha sonra mübahisə davaya çevrilib. Dava zamanı müxtəlif bicaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
Əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir.
Qeyd edək ki dünyasını dəyişən İlkin İsgəndərli ailəli olub və onun bir övladı var.
Bizim.Media, Aran bürosu