Vətəndaşlara XƏBƏRDARLIQ – “Ölkədən çıxışınıza “STOP” qoyulması sizə bildirilməyibsə...”

Vətəndaşlara XƏBƏRDARLIQ – “Ölkədən çıxışınıza “STOP” qoyulması sizə bildirilməyibsə...”

Hazırda oxunan: Vətəndaşlara XƏBƏRDARLIQ – “Ölkədən çıxışınıza “STOP” qoyulması sizə bildirilməyibsə...”

210247

Son zamanlar vətəndaşlarımızın ən çox üzləşdiyi problemlərdən biri də məlumatları olmadan ölkədən çıxışlarına qoyulan “STOP” qərarıdır. Vətəndaş Hava Limanına gedir, sərhəd buraxılış məntəqəsindən keçərkən məlum olur ki, onun ölkədən çıxışına qadağa qoyulub. Səbəbsə ya vergi, ya da ki, bank borcudur. Nəticədə, həmin vətəndaş böyük sarsıntı keçirir, maddi və mənəvi itki ilə üzləşir. 

Bəs, vətəndaşın belə hallarla üzləşməsinə görə məsuliyyət kimin üzərinə düşür?
 

MÖVZU İLƏ BAĞLI:

Aeroportda SÜRPRİZ - Vətəndaşa “STOP”la bağlı niyə XƏBƏRDARLIQ edilmir?


Suala hüquqşünas Aqşin Məmmədli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, belə vəziyyətdə xəbərdarlıq edilmədiyinə görə məsuliyyət müvafiq qurumun üzərinə düşür:

“Çünki istənilən məhkəmə qərarının qarşı tərəfə çatdırılması öhdəliyi var. Əgər məhkəmənin qərarı rəsmi qaydada vətəndaşa təqdim edilməyibsə, o zaman vətəndaş o qərarla razılaşmaya bilər. Amma məhkəmənin qərardadı vətəndaşa təqdim edilibsə, o zaman məsuliyyət vətəndaşın üzərində qalır”.

Bəs, hansı hallarda vətəndaşın xarici ölkəyə çıxışına “STOP” qoyula bilər?

Müsahibimiz bildirdi ki, şəxsin ölkədən getmək hüququ həm mülki işlər üzrə icra icraatı çərçivəsində, həmçinin cinayət işləri üzrə ibtidai araşdırma, təyin olunmuş cəzanın icrası mərhələsində və ya cəzadan azad etmə hallarında müvəqqəti olaraq məhdudlaşdırıla bilər:

“Mülki işlər üzrə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması məhkəmə qərarının (əmrinin) icrasını təmin etmək məqsədilə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında qəbul edilmiş məhkəmə qərarı ilə icra vərəqəsi tam icra olunanadək həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi bununla bağlı müvafiq tənzimləməni həyata keçirir.

Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər”.

Hüquqşünas onu da qeyd edib ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsində vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının konkret əsasları müəyyən edilib:

“Vətəndaşın ölkədən getmək hüququ Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək, məhkum edildikdə - Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək və digər hallara görə məhdudlaşdırıla bilər”.

Bəs, vətəndaş ölkədən çıxışına “STOP” qoyulduğunu əvvəlcədən necə öyrənə bilər?

Aqşin Məmmədli bunun çox asan yolu olduğunu bildirib:

“Vətəndaş keçidə daxil olaraq, tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd etməklə ölkədən getmək hüququna məhdudiyyətin qoyulub-qoyulmamasına dair məlumat əldə edə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO