Müəllimlikdən bağbanlığa gedən yol – VİDEOREPORTAJ

Müəllimlikdən bağbanlığa gedən yol – VİDEOREPORTAJ

Hazırda oxunan: Müəllimlikdən bağbanlığa gedən yol – VİDEOREPORTAJ

209106

Astaranın Kijəbə qəsəbə sakinləri üçün Ələddin müəllim sadəcə bir qonşu deyil, o, həm də kəndin “yaşıl ürəyi”dir. Bəli, məhz yaşıl. İxtisasca coğrafiya müəllimi, hazırda təqaüddə olan Ələddin Qasımov  illərdir ki, həyətində nadir və ekzotik bitkilər yetişdirərək kəndə unikal bir gözəllik qatır. 

Onun evi, əslində, bir bağçılıq muzeyini xatırladır. Müxtəlif növ güllər, ağaclar, kollar və bitkilərlə dolu olan bu məkan ətrafa xoş bir qoxu və estetik zənginlik bəxş edir. Üstəlik şitil şəkilində yetişdirdiyi və artırdığı təbiət məhsullarını həmkəndlilərinə, dosta-tanışa pay verir. 

Coğrafiya müəllimliyindən bağbanlığa

Ələddin müəllimin bağçılığa olan marağı uşaqlıqdan başlayıb. Elə ixtisası da təbiətə yaxın olub. Öz həyətyanı sahəsində o, əvvəlcə yerli təbiətin məhsullarına üstünlük verib:

"Astaranın ekzotik bitkiləri, bölgənin təbiətini və iqlimini mükəmməl əks etdirir. Bu, yalnız bəzək məqsədləri üçün deyil, həm də iqtisadi və mədəni dəyəri ilə bölgənin həyatına dərin təsir göstərir. Mən də əvvəllər yerli sortlara üstünlük vermişəm, bəzi sortlar artıq azalmaq üzrədir. Çiçək gətirən ağaclarım da var, yerli sortlardır. Məsələn, Maqnoliya ağacı, böyük ağ çiçəkləri, xoş ətri ilə əsil dekorativ bitkidir, turistlərin də  marağına səbəb olur”.

Kiçik hobbi kimi başlayan bu məşğuliyyət  keçmiş coğrafiya müəllimini bir bağbana və gözəllik aşiqinə çevirir. Deyir ki, son 20 ilini tam surətdə təbiətin gözəlliklərini şitillərlə qorumağa həsr edib. Hazırda 150-dən çox təkcə çiçək sortuna sahibdir.

Ekzotik cənnət yaratmaq

Ələddin müəllimin həyətində bitən güllər və ağaclar yalnız yerli bitkilərlə məhdudlaşmır. Onun bağında nadir növlərdən sayılan, hibiskus, plumeria, avokado və müxtəlif sitrus meyvə ağacları tapmaq mümkündür. Deyir ki, hər bitkiyə xüsusi qayğı göstərilməli, onları düzgün şəkildə əkmək və böyüməyini izləmək lazımdı. O, hər bir ağacın ehtiyaclarını, suvarma vaxtlarını və torpaq tələblərini ayrı-ayrı bilməyin vacib olduğunu diqqətə çatdırır:

"Xüsusilə, torpaq amili vacibdir, bu ekzotik bitkilər dağ torpağını sevir, hər torpaqda bitməzlər. Sentyabrın axırında şitil vurmaq vaxtıdır, mən demək olar ki, dərmanla bitki yetişdirmirəm. İndi Avropadan, İrandan, Türkiyədən də müxtəlif bitkilər gətirilir. Elə məndə də var. Təbiətimizə uyuşanları çoxaldıram. Məsələn Vaşinqton palmaları, bu plamalara balalayan palma deyirlər.

Kameliya, Kristamon, Qriptomeriya, Yapon çiçəyi, Ana ürəyi...

Adlar da çoxdur, növlər də. Eləsi var, suyu çox sevir, eləsi var yox. Kristamon ağacdır, amma gözəl gülləri olur. El içində "Küsəyən gül" deyirik, bu çiçəyə əl vurdun küsür, gözəlliyini gizlətməyə çalışır. Əsil adı isə"Mimosa pudica"dır, vətəni Cənubi Amerikadır, bir toxunuş, olan kimi kiçik, yaşıl yarpaqlarını dərhal qapayır.  

"Ranunculus asiaticus" adlı çiçəyim o qədər qırmızı olur ki, bizdə ona "Gəlin çiçəyi” deyirlər. Zərifliyi ilə tanınan bu dekorativ çiçək, adətən toy mərasimlərində bəzək elementi kimi seçilir. Gəlin gülünü, gəlinlərin buketlərini bəzəmək üçün gəlib götürürlər.

Yeddi gözəl gülü, müxtəlif çalar və rənglərdə çiçəklərə sahibdir. Yəni, bir budaqda eyni anda bir neçə fərqli rəngdə çiçək açdığına görə belə adlandırılıb.

"Mirabilis jalapa”ya isə “Azangülü” deyilir. Gecə və ya azan vaxtı çiçək acır və xüsusi bir ətiri ətrafa yayır, məhz buna görə də "Azangülü" adlanır. Hələ Örezident gülünü yaddan çıxartmışam. Həm əzəmətlidir, həm zərifdir. Mənəvi gözəlliyi üstəgəl zahiri gözəlliyinə görə bu adı alıb.  Saymaqla bitməz, hər gülün özü bir xüsusi yaradılışdır...."

Ürəyimizi də sağalda bilən çiçəklər
 

"Bir nəfər məndən tez-tez "Ətirşah" çiçəyi götürürdü. Sonradan mənə məlum oldu ki, adamın üzrəyində problem var, bu çiçək də ürəyə xeyirdir. Ondan sonra başladım çiçəylərin bu xüsusiyyətlərini öyrənməyə. Öyrəndim ki, dərman kimi istifadə olunan güllər və çiçəklər təbii müalicənin bir hissəsidir, bir çox xəstəliklərin  müalicəsində faydalı təsirlərə malikdir.


Qədim təbabətdən bu günə qədər bu müalicə üsulları xalq içində yaşayıb saxlanılırmış. Nərgiz gülü yuxusuzluğun dərmanıdır, Qızılgülün faydasın saymaqla  qurtarmaz, xüsusən həzm sisteminə əla təsir edir. Rozamari isə üz dərisini iltibahdan qurtarır, dərini cavanlaşdırır. Çoxlu kimyəvi dərman qəbul edənlərə məsləhət görürəm ki, belə çiçəklərdən istifadə etsinlər, çünki onlar kimyəvi dərmanların zərərini aradan qaldıra bilir." 

Bağa baxsan, bağban ola bilərsən....

Ələddin müəllim deyir ki, özünü peşəkar bağban saymır, baxmayaraq ki, 20 ildən çoxdur səhərini qızılgül ətri ilə açıb, gününü bu hobbiyə sərf edib.

"İnsanlar özləri bu işlə məşğul olduqca öyrənəcəklər. İlk növbədə bitkilərin budanmasını, qulluğunu, xəstəlikdən qoruma üsullarını bilməlisən. Çiçəklərin gözəlliyini qoruyub saxlamaq çətin işdir. Amma bu zəhmətin əvəzi təbiətlə harmoniyadır, bax bu harmoniyanı hiss etdinsə, heç vaxt təbiətdən əl çəkmək istəməyəcəksən”.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO