Yenidən namizəd olan deputatlar mediadan niyə qaçır? - Onlar arxayındırlar ki... - FOTO

Yenidən namizəd olan deputatlar mediadan niyə qaçır? - Onlar arxayındırlar ki... - FOTO

Hazırda oxunan: Yenidən namizəd olan deputatlar mediadan niyə qaçır? - Onlar arxayındırlar ki... - FOTO

206450

1 sentyabr - Növbədənkənar Parlament seçkilərinə sayılı günlər qalır. 

Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyaları davam edir. 

Yenidən namizəd olan deputatların kampaniyasında diqqətçəkən məqam ondan ibarətdir ki, onlar daha çox təbliğat və təşviqat kampaniyalarını sosial şəbəkələr vasitəsilə edirlər. Media subyektlərində təbliğat aparan, seçicilərlə görüşlərini mediada işıqlandıran deputatların sayı barmaqla sayılacaq qədər azdır.  

Bəs, buna səbəb nədir? Niyə yenidən namizəd olan deputatlar media subyektlərini yox, sosial şəbəkələri seçirlər? 


Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev azxeber.com-a açıqlamasında mövcud halla əlaqədar səbəbləri izah edib: 

"Bu, ilk növbədə xoşagəlməz təzahürdür. Çünki ənənəvi mediada qurulan seçki təbliğatı cəmiyyətin nəzərində çox mötəbər bir hadisədir, amma təəssüf ki, bəziləri bundan qaçır. Bunun səbəbləri çox ola bilər. Fikrimcə, real olan səbəblər iki cürdür: Birincisi, görünür ki, bu namizədlərin böyük əksəriyyətinin mediada ödənişli təbliğat-təşviqat işi aparmağa imkanı çatmır. İmkanı çatan kəslərin də bir hissəsi seçkinin nəticələrini özləri üçün artıq müəyyənləşdirib və hesab edir ki, cəmiyyət üçün klassik mediada hər hansı təbliğatın aparıb-aparılmamasından asılı olmayaraq istədiyi nəticəni əldə edəcək. Mən bu iki səbəbin üzərində dayanıram. Bunların heç biri təqdirəlayiq səbəb deyil. Bu kampaniyalar yaxşı görünmür". 


Mətbuat Şurası İdarə Heyətinin üzvü, AZXEBER.COM saytının baş redaktoru Hacıbəy Heydərli bildirib ki, sosial şəbəkələr bütün dünyada təbliğat vasitəsi kimi istifadə olunur:

"Təbliğat-təşviqat kampaniyasının ilk günlərindən namizədlər təbliğat üçün sosial şəbəkələri seçiblər. Media subyektlərinə müraciətlər də saytlar üçün deyil, saytların sosial şəbəkə səhifələri üçün olur. Xüsusən, "tiktok” sosial şəbəkəsi sanki seçki debatlarını xatırladır. Bu da anlaşılandır, çünki Azərbaycanda ən populyar və xalqın ən çox istifadə etdiyi sosial şəbəkə "tiktok”dur. Bu təbiidir. Dünyanın bütün ölkələrində seçkilər zamanı sosial şəbəkələrdən təbliğat vastəsi kimi istifadə edilir. Ancaq heç bir halda sosial şəbəkələr media subyektlərini üstələməməlidir.  

Burada narahatedici məqam medianın sosial şəbəkələrə uduzmasıdır. Və əgər adi seçici deyil, artıq deputatlığa namizədlər də medianı yox, sosial şəbəkələri seçirsə, media subyektlərimiz ciddi-ciddi düşünməlidir, çünki itirilən oxucunu geri qaytarmaq bəzən mümkünsüz olur.

Deputatlığa namizədlər də yaxşı olar ki, media subyektlərini kənara qoymasınlar. Çünki media peşəkarlıqda, obyektivlikdə, dövlətçi mövqedə hər zaman sosial şəbəkələri üstələyir.  


Mövzu ilə əlaqədar danışan "Demokrat.az" xəbər portalının rəhbəri Vasif Həsənli bildirib ki, dünyada sosial şəbəkələr nə qədər inkişaf etsə də, medianın rolu başqadır: 

"Məncə, medianı kənarda qoyub, sosial şəbəkələri seçmək primitiv düşüncə tərzidir. Dünyada sosial şəbəkələr nə qədər inkişaf etsə də, medianın rolu başqadır. Mediada peşəkarlıq hər zaman öndə olub. Düşünürəm ki, bu seçkilərdə namizədlərin PR strategiyasını quran şəxslər düzgün üsul seçməyiblər. Çünki namizədlərin proqramları, seçicilərinə verilən vədləri ancaq sosial şəbəkədə öz əksini tapırsa, bu o deməkdir ki, deputat seçiləcək şəxslər bir növ gələcəkdə öz üzərlərinə götürdükləri məsuliyyətdən yayına bilərlər. Yəni, bu gün sosial şəbəkələrdə yazılan istənilən post sabah çox rahatlıqla silinə bilər. Bununla da seçicilər öz hüquqlarından məhrum ola bilər. Ona görə də namizədlərdən sosial şəbəkələrdə deyil, daha çox mediada təbliğat-təşviqat aparılmasını məsləhət görürəm". 


"Manset.az" xəbər portalının baş redaktoru Əli Vəliyev açıqlamasında deyib ki, deputatların media orqanlarından qaçmasının səbəbi onların  cəmiyyət üçün heç nə etməmisidir: 

"Yenidən namizəd olan deputatlar mediadan ona görə qaçırlar ki, bu müddət ərzində hansı ki, bundan öncəki fəaliyyətləri dövründə onlar heç bir iş görməyiblər, heç bir seçici ilə görüşməyiblər. Seçicilərin problemlərinin həlli istiqamətində hansısa fəaliyyətləri olmayıb. Ancaq qalstuk geyinib Milli Məclisdə oturub öz bizneslərini genişləndiriblər. Onlar hazırda böyük media resurslarına çıxmaqdan çəkinirlər.
 

Çünki onların seçicinin qarşısına çıxmağa üzləri yoxdur. Bu deputatlar bir neçə il ərzində barmaqla sayılacaq işlər görüblər. Lakin bu hamısına aid deyil. Elə deputatlarımız da var ki, onlar həqiqətən müəyyən işlər görüblər, seçicilərlə görüşüblər, şəhid və qazi ailələrinin qayğısına qalıblar. Ona görə də mediada həmin deputatları rahatlıqla tanıyırlar.


Daim fəaliyyətləriylə seçilən bəzi deputatlar isə növbəti parlament seçkilərində iştirak etməyəcək, namizədliklərini geri çəkiblər. Heç bir iş görməyən deputatlar isə yenə meydan sulayırlar. Onlar hansısa şadlıq sarayına gedərək öz qohum-əqrabalarıyla, yaxınlarıyla oturaraq şəkillər çəkirlər və sosial şəbəkələrdə paylaşırlar. Niyə sosial şəbəkələrdə paylaşırlar? Çünki sosial şəbəkələrdə də onları izləyənlər qohumları, yaxınları, tanışları, dostları, biznes fəaliyyətinə çalışan işçiləri və digər şəxslərdir. Onlara göstəriş verirlər ki, durmadan şərhlər və komentlər yazsınlar. Həmin deputatın guya ki, yüksək səviyyədə fəaliyyəti var. Beləliklə, sosial şəbəkələrdə imic formalaşır. Onu da bilirlər ki, böyük media resurslarına çıxdıqları zaman onların bu yalanları ifşa olacaq və məlum olacaq ki, bu şəxslər indiyədək deputat fəaliyyətini həyata keçirdiyi dairənin seçiciləriylə görüşməyiblər". 

Baş redaktor əlavə edib ki, təbliğat-təşviqat məsələləri qanunla tənzimlənir və göstərilir ki, bu proseslər mediada işıqlandırılmalıdır: 

"Burada ikinci bir məsələ də var. Əgər namizədliyi hakim partiya tərəfindən və yaxud siyasi partiyalar tərəfindən verilmiş deputatlar informasiya portallarıyla, qəzetlərlə əməkdaşlıq etməyəcəkdilərsə, niyə saytlar MSK-nın təbliğat-təşviqat kampaniyasında iştirak edir? Bu, bir daha onu göstərir ki, deputatlar ictimai fəaliyyətləriylə bağlı təbliğat-təşviqat kampaniyalarının həyata keçirilməsi zamanı media orqanlarıyla əməkdaşlıq etməlidirlər. Bu əməkdaşlıq qarşılıqlı şəkildə olmalıdır. Amma, təəssüf ki, bu hələ ki, baş vermir. Digər tərəfdən, burada bir məsələ var ki, bəzi deputatlar bir neçə media orqanlarına bildiriblər ki, mənsub olduqları partiya tərəfindən onlara belə tapşırılıb ki, saytlarla əməkdaşlıq etməsinlər. Bu, çox müəmmalı suallar doğuran məsələdir. Belə bir şey olacaqdısa, o zaman saytlar niyə MSK-da qeydiyyatdan keçib? Bu məsələ gələcəkdə media orqanları və deputatlar arasında, habelə hakim partiya arasında problemlər yarada bilər. Təbliğat-təşviqat məsələləri qanunla da tənzimlənir və göstərilir ki, bu proseslər mediada işıqlandırılmalıdır. 

Azərbaycanda media orqanlarında seçkiyə dair təbliğat-təşviqat kampaniyaları aparılmadığına görə elə bir təəssürat yarana bilər ki, sanki ölkədə seçki yoxdur. Bu, eyni zamanda, xaricdən maliyyələşən, Azərbaycanı istəməyən qüvvələrin əlinə bir fürsət verir. Ancaq, Azərbaycan seçicisi hər zaman fəal olub. Ona görə də mən hesab edirəm ki, tezliklə bu məsələ aradan qaldırılacaq və bütün namizədlərlə media orqanlarının əməkdaşlığı bərpa ediləcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO