Boşanmaların əsas SƏBƏBİ – Evlilikdən öncə cütlüklər nəyi bilməlidir?

Boşanmaların əsas SƏBƏBİ – Evlilikdən öncə cütlüklər nəyi bilməlidir?

Hazırda oxunan: Boşanmaların əsas SƏBƏBİ – Evlilikdən öncə cütlüklər nəyi bilməlidir?

205361

Azərbaycanda boşanmaların sayı günbəgün artmaqdadır. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin ilk aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.

Bəs problemin özəyi nədir?

Sosioloq Tamilla Əlizadə Bizim.Media-ya açıqlamasında boşanmaların əsas səbəbi kimi nikahdan öncə cütlüklərin evlilik barədə təsəvvürlərinin olmamasını əsas gətirib:

“Ailələrimiz övladlarını böyüdərkən onlara evlilik barədə çox məlumat versinlər, hətta ev işlərinin görülməsi, yemək hazırlanması, lazım olmayan bütün mövzularda belə övladları ilə danışa bilərlər. Təssüf ki, evliliyin yalnız müsbətlərdən, fotoşəkillərdən  ibarət olmadığını, daha dərin məqamların olduğundan danışmırlar. Valideynlər evliliyə hazırlaşan övladlarına öz münasibətlərindən məlumat vermirlər. Yəni övladlar valideynlərinin arasındakı ciddi  narazılıqların olduğunu və bunun öhdəsindən necə gəldiklərini bilmirlər.Düşünürəm ki, biz uşaqlarda düzgün təəssürat yaratmırıq deyə onlar evlənəndə gözləntiləri qarşılanmır və problemin həllini boşanmaqda görürlər”.

“Cütlüklər bir-birləri ilə səmimi olmalıdırlar...”

Sosioloq hesab edir ki, cütlüklər də öz növbəsində evlilikdən öncə bütün mövzuları müzakirə etməlidir:

“Düşünürəm ki, cütlük evlilik barədə bütün şərtləri bilsə, bir-birləri ilə evliliyi necə görmək istədiklərini müzakirə etsələr, bir çox problem aradan qalxa bilər. Evlənmədən öncə cütlüklər ailədə iş bölgüsünü, vəzifə bölgüsünü, öhdəlikləri danışmalıdırlar. Həmçinin cütlüklər öncədən valideynləri barədə tam səmimi, açıq məlumat verməlidirlər.  Münasibətlərinin necə olduğundan danışmalıdırlar, ailələrini tanımalıdırlar. Bu artıq hər iki tərəfin gözləntilərinin formalaşmasına təsir edəcək”.

“Evliliyin çəhrayı dünyası”

Sosioloqun qənaətinə görə bizim cəmiyyət gənclərə evlilik barədə real təsəvvür aşılamır:

“Insanlar düşünürlər ki, övladın dünyaya gəlməsi yaxşı hadisədir. Amma bunun stress yaradacağı və ümumiyyətlə, cütlük arasında problem yaradacağını heç kim ağlına gətirmir. Bizdə valideynlər, qohumlar gənclərə ancaq evliliyin çəhrayı tərəflərini göstərirlər. “Ən yaxşı günün toy günüdür”, “bu olsun, o olsun toyunda”, “inşallah sənin toyunu görək”, “oğul anası olasan” kimi arzular diləyirlər. Amma bu, evlilik barədə real təsəvvür deyil”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO