2024-cü ilin yanvar-iyun aylarında Rusiya vətəndaşları xaricə 12,6 milyon səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən statistik məlumat açıqlanıb.
Xidmətin statistikasından aydın olur ki, səfərin bütün məqsədləri nəzərə alınmaqla rusların ən çox getdiiyi ölkə ənənəvi olaraq Türkiyə olub.
2024-cü ilin yanvar-iyun aylarında Türkiyəyə rusiyalıların axını ötən illə müqayisədə 9,4 faiz artaraq 2,5 milyon səfər təşkil edib. İkinci yerdə gələn Qazaxıstan da ruslar üçün ən populyar istiqamətlər sırasında olub, lakin bu ölkəyə səfərlərin sayı il ərzində 9 faiz azalaraq 1,2 milyona düşüb.
Qonşu ölkələr arasında ilin birinci yarısında ruslar Ermənistana daha az səfər ediblər - səfərlərin sayı ötən illə müqayisədə 17 faiz azalaraq 452,8 min təşkil edib - bir il əvvəl bu göstərici 545,7 min olub. Amma Rusiya vətəndaşları bir il əvvəllə müqayisədə Gürcüstana - 522,7 min (+31,5 faiz) və Azərbaycana - 340 min (+26 faiz) daha çox səfər ediblər.
Turist səfərlərinə gəlincə, 2024-cü ilin altı ayı ərzində ruslar turizm məqsədləri üçün xaricə 4,9 milyon səfər ediblər - bu, bir il əvvəlkindən (4,1 milyon səfər) 20 faiz çoxdur. 2024-cü ilin birinci yarısında rusların turizm üçün ən çox səyahət etdikləri ölkələr arasında ilk beşlikdə Türkiyə, BƏƏ, Misir, Tailand və Çin olub. İlk onluqda qonşu ölkələr də yer alıb - Ermənistan, Azərbaycan, Özbəkistan və Gürcüstan.
Bizim.Media