149 yaşlı jurnalistikanın “ƏMMASI” – Sözün və qələmin təsirini azaldanlar

149 yaşlı jurnalistikanın “ƏMMASI” – Sözün və qələmin təsirini azaldanlar

Hazırda oxunan: 149 yaşlı jurnalistikanın “ƏMMASI” – Sözün və qələmin təsirini azaldanlar

203070

22 İyul 1875-ci il… 

Məhz bu tarixdə ilk ana dilli mətbu orqanın nəşr olunması ilə Azərbaycan tarixində yeni səhifə açıldı. Görkəmli maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışına təkan verildi. 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən qəzet Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynayaraq, jurnalistikanın əsl amalını ustalıqla təbliğ edirdi. Qəzet fəaliyyətini dayandırsa da, əsasını qoyduğu jurnalistika ilbəil çiçəklənir, özünün intibahını yaşayırdı. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Mətbuatımızın 149-cu ili


Bəs hazırda vəziyyət necədir?

Hazırki, çiçəklənən Azərbaycanın mətbuatı da, ümumilikdə jurnalistikası da heç olmayan intibahını yaşayır. Bunu yeni yaranan mətbu orqanlar, müasir dövrün tələblərinə uyğun olaraq fəaliyyətə başlayan onlayn informasiya portalları, həmçinin televiziya və radio kanalları da sübut edir. 

Ancaq necə deyərlər işin “əmması”da öz yerindədir

Az qala əsr yarımlıq tarixi olan milli jurnalistikanın, qələmiylə, eləcə də sözünün kəsəri ilə yaddaşlarda həkk olunan peşəkarları da var, vəzifəsindən sui-istifadə edərək qələmini və özünü gözdən salan qeyri-peşəkarları da…

Ümumiyyətlə, mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun inikasıdır. Elə bu missiyanın öhdəsindən “Əkinçi”nin kollektivi olaraq, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqaları peşəkarlıqla gəlirdilər. Bəs bu gün Zərdabinin, Goraninin, Axundzadənin missiyasını çiyinlərində daşıyan “qələm sahibləri” necə?! Onlardan miras qalan jurnalistikanın əsaslarını qoruyub saxlaya bilirlərmi (bilirikmi)?!

Razılaşaq ki, hər kəs yox. Məsələn, “dəqiq, qərəzsiz, vicdanlı” prinsipini yadırğayaraq, missiyamızın yönünü dəyişməyə çalışanlar da az deyil.

Dəqiqləşdirilməmiş məlumatın tirajlanmasından tutmuş faktın təhrif olunmasına qədər. Bu isə birmənalı olaraq, cəmiyyətdə fəaliyyətimizə inamı azaldır. Nəticə etibarilə də “qurunun oduna yaş da yanır”. Məni də elə o “yaş”lar yandırır. 

Axı kütləvi informasiya vasitələri hazırda qanunverici və icraedici hakimiyyət qolları qədər zəruridir və məhz cəmiyyətdəki bu roluna görə "dördüncü hakimiyyət" kimi dəyərləndirilir. Düzdür, bu “hakimiyyət”  bizə cəzalandırmaq, tənbeh etmək, ittiham etmək səlahiyyəti vermir. Amma bizim də yeganə silahımız özündə dəqiq informasiyanı əks etdirən söz və ya görüntünü oxucu və ya tamaşaçıya çatdırmaqdır. 

Maarifləndirmək, güzgü funksiyası daşıyaraq elə cəmiyyətin özünə çox böyük xidmət göstərməkdir bizim “gözəgörünməz hakimiyyət” silahımız. Həm də sui istifadə etmədən, ictimai maraqları nəzərə alaraq.

Ulu öndər Heydər Əliyev əbəs yerə mətbuatı “demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitə” adlandırmamışdı. Söz azadlığından istifadə etməklə cəmiyyətin, yeri gələndə “danışan dili”, “görən gözü” də olmaqdır peşəmizin missiyası. 

Bunu isə “yaşı” alovlandırmadan, çiçəyi burnunda olan həmkarların fəaliyyətinə yalnış istiqamət vermədən etsək alnımız açıq, “imzamız” qarşısında üzümüz ağ qalacaq.

Ona verilən “dördüncü hakimiyyətdəki” səlahiyyətlərindən şəxsi maraqları naminə istifadə edərək qərəzli mövqe sərgiləyən “jurnalist”ləri çıxmaq şərtilə, peşəsini sevərək şərəflə icra edib haqqın, doğrunun müdafiəsindən çıxış edən bütün məsləkdaşlarımı təbrik edirəm. 

Şablon da olsa yazacam: Qələminiz iti, sözünüz kəskin olsun, əziz həmkarlar!

Ülviyyə Fərhad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO