Xəbər verdiyimiz kimi Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb. Hadisə dəmiryolunun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib.
Yük qatarının 3 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ – Azərbaycanda qatar AŞDI - FOTO
Hadisə ilə bağlı DİN Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, 16 iyul 2024-cü il tarixində saat 11:10 radələrində Siyəzən rayonu, Zarat stansiyasının 77-ci kilometrliyində Biləcəri stansiyasına doğru hərəkət edən "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yük qatarının 5 vaqonunun relsdən çıxaraq aşması ilə nəticələnən qəza ilə bağlı polisə məlumat daxil olub. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır.
“Azərbaycan Dəmir Yolları”QSC-dən isə bildirilib ki, hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb:
“Bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır”.
Bizim.Media