Azərbaycanın ən böyük və ən gözlənilən gənclər festivalı “Yay Fest” bu il də daha fərqli və daha əyləncəli formatda yenidən öz işinə başlayıb. Çadır tipli düşərgə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "İDEA" İctimai Birliyi, COP29 Əməliyyat Şirkəti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda keçirilir.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, “Yay Fest”-in keçirilməsində məqsəd dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqinə, gənclərin inkişafı və onların asudə vaxtının səmərəli və əyləncəli keçirməsinə, o cümlədən müxtəlif bölgələrdən olan gənclərin şəbəkələşməsinə və sosiallaşmasına dəstək verməkdir.
Minlərlə gəncin iştirak edəcəyi “Yay Fest”, gənclər üçün enerjili və dinamik bir mühit yaratmaq üçün geniş əyləncə və öyrənmə imkanları ilə zəngindir. 2019-cu ildən bəri təşkil olunan festival, 2 ay boyunca davam edəcək və müxtəlif mövzuları əhatə edən silsilə düşərgələrdən ibarət olacaq.
Ötən illərdə olduğu kimi bu il də tematik mövzulara uyğun 8 ardıcıl düşərgənin keçirilməsi planlaşdırılır.
Bu festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən yaradılıb.
Düşərgənin rəsmi açılış mərasimində dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirak ediblər. Çıxış edən natiqlər Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkəmizin ev sahibliyi etməsinin vacibliyindən söz açıblar.
Əlavə olaraq, çıxışçılar bu ilki düşərgədə seçilən mövzuların ekologiya, ətraf-mühitin mühafizəsi və COP29-a həsr olunmasının əhəmiyyətindən, ekoloji problemlərin həllində gənclərin iştirakçılığının artırılmasından bəhs ediblər.
Bir həftə davam edəcək silsilə düşərgələr, bu il daha geniş miqyasda və daha zəngin proqramlarla təşkil olunacaq. Düşərgənin proqramında gənclərin vətənpərvər ruhda tərbiyə olunması və onların inkişafına dəstək verən fəaliyyətlər xüsusi önəm daşıyacaq.
Bizim.Media, Aran bürosu