14 iyul 1969-cu ildən 55 il ötür. Həmin dönəm Azərbaycanın tarixi taleyində elə bir mərhələ idi ki, ölkə Sovet respublikaları içərsində sosial-iqtisadi inkişafına görə tam geriləmiş və acınacaqlı duruma düşmüşdü. İqtisadi tənəzzül elmi-mədəni mühiti də öz təsirinə salaraq hara gəldi yuvarlamış, xalq minbir zəhmətinin müqabilində çox kasıb və komfortsuz yaşamağa məhkum olmuş, ölkə ittifaqın ərzaq tarlasına çevrilmişdi...
Belə bir acınacaqlı vəziyyətdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Və həm də SSRİ rəhbərliyinin təkidi ilə.
Faktlar danışır ki, 1969-1982-ci illərdə 250-dən çox zavod, fabrik istifadəyə verilib, 630 min yeni iş yeri açılıb. Sənaye istehsalı 2,7, kənd təsərrüfatı istehsalı 2,7, neft hasilatı 2,8, maşınqayırma və metal emalı 3,3 dəfə artıb. Əgər 1969-cu ilədək olan 50 il ərzində Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə onların sayı 1048 olub. Müsair şəhər və qəsəbələr, mikrorayonlar salınıb. 1969-1982-ci illərdə 770-ə qədər məktəb binası istifadəyə verilib, Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəb yaradılıb. Minlərlə gənc ölkəmizdən kənara təhsil almağa göndərilib. Yüzlərlə mədəniyyət və elm xadiminə Sovetlər birliyinin ən yüksək təltif və fəxri adları verilib. 1982-ci ildə Ümummilli Liderin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması ilə ermənilərin Qarabağdakı separatçılıq cəhdləri tamamilə donub. Buna baxmayaraq, Heydər Əliyev məqsədli şəkildə siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan bir neçə gün sonra isə xalqımızın iztirab dolu acınacaqlı günləri, torpaqların işğalı başlayıb...
Əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev 60-80-ci illərdə Azərbaycanı müstəqilliyə və müstəqil həyata hazırlamağa başlamış, 1990-93-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illlərdə isə müstəqilliyin dayaqlarını yaratmışdır. Naxçıvan ittifaq miqyasında ilk olaraq Sovetlər birliyinin tərkibindən çıxmış, Sovet qoşun hissələri əmlakı və silah-sursatı saxlanılmaqla muxtar respublikadan yola salınmış, Naxçıvanın adından “sovet”, “sosialist” sözləri çıxarılmış, üçrəngli bayraq 70 il sonra Naxçıvan Ali Məclisinə gətirilmiş, Yeni Azərbaycan Partiyası yaradılaraq müxalifət partiyasından güclü iqtidar partiyasına çevrilmişdir. Beləliklə, Naxçıvan Ermənistanın işğalından qorunmuş, qardaş Türkiyə və İranla əlaqələr qurulmuş, yollar açılmış və əhali aclıq, məhv olmaq təhlükəsindən xilas edilmişdi.
Və “Milli Qurtuluş Günü”... Ulu Öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun günü Azərbaycan xalqının tarixinə “Milli Qurtuluş Günü” kimi yazılıb.
Bu dönəmdən sonra ölkənin iqtisadi qüdrəti artmış, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirilmişdir. Bununla da əldə olunan müstəqil siyasət xətti Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyində Azərbaycanın Böyük Qələbəsi ilə nəticələnmiş, ata vəsiyyəti layiqincə yerinə yetirilmişdir. Suveren Azərbaycan, Böyük qayıdış və çiçəklənən Qarabağ bu gün hər birimizin qürur yeridir...
Sözdə yox, əməldə belədir: Bu gün dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar!
İndi klaviatura arxasında əyləşib, nəyisə təhlil etmək və yazmaq, haradasa oturub danışmaq çox asandır. Bu gün çox sadə bir sualı da bir-birimizə rahatlıqla verə bilirik: “Görəsən, 14 iyul olmasaydı nələr olacaqdı?!” Məncə, bu ritorik sualın çox sadə də cavabları var: 14 iyul olmasaydı Surətlər daha da sürətlənəcək, “İsgəndərlər” uzaq hədəfləri vuracaq, Əlikramlar əl-qolunu sallayıb qoçuluq edəcək-qondarma “Talış-Muğan” quracaq, Rəhimlər buxara papaqlarını yan qoyub yan-yörəmizdə qazılanacaq, beləliklə, Şuşa gedərsə başına bir güllə çaxmalı olanlar, başımıza qaradavoy kəsiləcəkdi... Bu minivalla biz Lənkərana və Gəncəyə Təbrizə getdiyimiz kimi pasportla, bəlkə də viza ilə gedəcək, məhz onların düşmənə bəxş etdiyi Qarabağı isə əbədi itirəcək, ən yaxşı halda xanlıqlar dövrünə qayıdacaqdıq. Neftimizin, qazımızın isə bizə yalnız qoxusu qalacaqdı... Və beləliklə dilbər ölkəmizi qarğa-quzğunlar paramparça edəcəkdilər. Naxçıvan isə taleyin ümidinə buraxılmış yalqız ada kimi sonu görünməyən qaranlıq bir yola çıxacaqdı: 20-ci əsrin əvvəllərində olduğu kimi onun-bunun cıdır meydanı olacaqdı!
Uzun sözün qısası: 14 iyul olmasaydı, müstəqil və qüdrətli Azərbaycan da olmayacaqdı!
Sahil Tahirli
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:55 / 13.07.2024
14 iyul olmasaydı...
Hazırda oxunan: 14 iyul olmasaydı...
Hazırda oxunan: 14 iyul olmasaydı...
201845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.