Cari ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) uğurlu və müsbət təsirlərinin təmin edilməsi məqsədilə tədbirə ev sahibliyi edən ölkəmiz tərəfindən aktiv hazırlıq işləri davam etdirilir.
COP29 Azərbaycan Əməliyyat Şirkətindən Bizim.Media-ya verilən məlumata görə, xarici ölkələrin nümayəndə heyətlərinin konfransın Mavi Zonasında rəsmi müzakirələrdə iştirakının təmin edilməsi ilə yanaşı, bu mötəbər tədbirin bir hissəsi olmaq, tərəfdaşlıq, sponsorluq və sərgiləmə imkanlarını dəyərləndirmək istəyən müxtəlif təşkilatların da maraqları nəzərə alınaraq COP29 çərçivəsində təşkil ediləcək Yaşıl Zona üzrə müraciətlərin qəbulu açıq elan edilir.
COP29 Sədrliyi tərəfindən təşkil olunan Yaşıl Zona dünyanın ən mühüm iqlim konfransını ziyarət edəcək qonaqların bu istiqamətdə fəaliyyətini genişləndirmək və iqlim dəyişmələrində individual dialoqu təşviq etmək üçün fəaliyyət göstərəcək.
Yaşıl Zona öz fəaliyyətində iqlim dəyişmələri ilə mübarizə addımları sərgiləyən və bu istiqamətdə ixtisaslaşan qurumlara öz təcrübələrini, bu sahədə innovativ məhsul və həll yollarını paylaşmaqla qlobal auditoriya qarşısında öhdəliklərinin nümayişinə və eləcə də dövlət və özəl qurumlar arasında əməkdaşlığa şərait yaradan platforma rolunu oynayacaq. Ərazi dövlət və özəl sektorlar, hökumətlər, BMT-nin ixtisaslaşmış qurumları, hökümətlərarası təşkilatlar, QHT-lər, akademik dairələr, incəsənət xadimləri və vətəndaş cəmiyyətinin müxtəlif maraqlı tərəflərini vahid məqsəd ətrafında bir araya gətirəcək məkan kimi çıxış edəcək.
Qlobal iqlim fəaliyyəti təşəbbüslərini inkişaf etdirmək və bu istiqamətdə real həlləri təşviq etmək məqsədi ilə interaktiv sərgilər, konfranslar, seminarlar, panel müzakirələri, eləcə də yaradıcı incəsənət instalyasiyaları, mədəni tədbirlər və çıxışların yer alacağı bu məkan noyabr ayında iqlim fəaliyyəti üçün əsl dinamik mərkəzə çəvriləcəkdir.
Bakı Stadionu ətrafında Mavi Zonaya çox qısa məsafədə yerləşəcək bu ərazi öz miqyası və dizaynı ilə hər kəsin birgə fəaliyyəti üçün əlçatan və inklüziv şərait təmin edəcək və iqlim problemlərinin həllində maraqlı olan geniş ictimaiyyət üçün açıq olacaq.
Bütün bunlar nəzərə alınaraq, maraqlı təşkilatların Yaşıl Zonadan yüksək fayda əldə etməsi və buradakı imkanlardan səmərəli şəkildə yararlanması, eyni zamanda Yaşıl Zona üzrə fəaliyyətin operativ və keyfiyyətli idarə olunması məqsədilə yaradılan www.cop29greenzone.com onlayn platforması istifadəyə verilib. Təşkilat və qurumlar müxtəlif fərqli tərəfdaşlıq, konfrans və sərgi formatında iştirakçılıq təklifləri ilə bağlı məlumatları portal vasitəsilə rahatlıqla əldə edə bilərlər. Portal potensial tərəfdaşların hədəflərinə uyğun hər bir məlumatı, Yaşıl zonada qurulacaq pavilyonlar və COP29 Sədrliyinin iqlim fəaliyyəti təşəbbüslərini özündə əks etdirir, eyni zamanda innovativ yanaşma və texnologiyaların nümayiş etdirilməsi üçün geniş sərgi məkanında müxtəlif texniki parametrlərə uyğun yerlərin ayrılmasına da şərait yaradır.
Yaşıl Zonada təmsil olunmaq istəyən maraqlı tərəflər qeyd edilən platforma //www.cop29greenzone.com vasitəsilə rəsmi müraciətlərini təqdim edə bilərlər. Qeyd edək ki, müaraciətlərin qəbulu 10 iyul 2024-cü il tarixinədək davam edəcək. Yaşıl Zona ilə bağlı yarana biləcək sualların cavablandırılması üçün isə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına öz sorğularını yönləndirə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:12 / 18.06.2024
COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır
Hazırda oxunan: COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır
Hazırda oxunan: COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır
197852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.