Çingiz Mustafayevin ölümündən 31 il ÖTÜR - Yaralı qəhrəmanın təxliyəsi ilə bağlı XATİRƏLƏR - FOTO

Çingiz Mustafayevin ölümündən 31 il ÖTÜR - Yaralı qəhrəmanın təxliyəsi ilə bağlı XATİRƏLƏR - FOTO

Hazırda oxunan: Çingiz Mustafayevin ölümündən 31 il ÖTÜR - Yaralı qəhrəmanın təxliyəsi ilə bağlı XATİRƏLƏR - FOTO

197475

Bu gün Azərbaycanın milli qəhrəmanı, hərbi reportyor Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin şəhid olduğu gündür. O, 1993-cü il 15 iyun tarixində Xocalı rayonu Naxçıvanlı kəndi istiqamətində aldığı güllə yarasından şəhid olub.

Hərbi jurnalist tibb xidmət əməkdaşları tərəfindən döyüş meydanından təxliyə edilərək, o dövr üçün Ağdam rayon Mahrızlı kənd orta məktəbinin binasında fəaliyyət göstərən hərbi hospitala çatdırılıb. 

Bizim.Media-nın Qarabağ bürosunun əməkdaşı ilə həmsöhbət olan hərbi hospitalın sabiq, ehtiyatda olan hərbi həkimi Ali Qurbanlı həmin günün xatirələrini bölüşüb:


"Naxçıvanlı yüksəkliyi uğrunda ağır döyüşlər gedirdi. Həmin gün hospitala həddindən artıq çox yaralı gətirilirdi. Təxminən 150-200 nəfər yaralı gətirilmişdi. Çingiz Mustafayev hospitala gətiriləndə biz bütün hazırlıq işlərini görmüşdük. Ancaq o, bizim yanımıza çatdırılana qədər aldığı güllə yarasından həyatını itirmişdi - şəhid olmuşdu".

Milli Qəhrəman həlak olduqdan sonra onun ölüm səbəbləri haqqında bir çox fikirlər səsləndirilib. Kimisi düşmənin atdığı minaatan mərmisinin qəlpəsindən, kimisi isə güllə yarasından aldığı xəsarətlərdən şəhid olduğunu iddia edirdi. 

Həkim Alı Qurbanlı bu nüansa da münasibət bildirdi:


"İlkin baxışdan güllə yarasına oxşayırdı. Ancaq biz onu həm artıq həyatın itirdiyi üçün, həm də yaralılar çox olduğu üçün tam müayinə edə bilmədik. Böyük ehtimalla Çingiz Mustafayev qanaxmadan həyatını itirmişdi. Çünki onun yarası qarının aşağı ətrafının üçdə bir hissəsində idi. Mənim yaddaşımda qalan bir güllə yarası almışdı".

Həmin dövrdə hospitalın mühafizə tağımının komandiri vəzifəsində xidmət etmiş, Birinci Qarabağ müharibəsi iştirakısı İntiqam Əsədov Çingiz Mustafayevin təxliyə edilməsi əməliyyatının çox ağır şəraitdə baş tutduğunu qeyd etdi. Çünki sözügedən Naxçıvanlı kəndinin strateji əhəmiyyətinin böyük olması, ağır döyüş toqquşmasına əsas yaradırdı.

"Vəziyyət gərgin olsa da biz təxliyə əməliyyatlarını dayandırmırdıq. Çingiz çox ağır şəraitdə - atəş pərdəsi altında götürüldü. Məsafə və yaranın güclü qanaxma verməsi yaşama ehtimalını sıfıra endirirdi. Mən sonradan Çingizin gətirildiyi qanlı xərəyi götürüb kənd ərazisində yerləşən Rahib Məmmədov adına döyüş şöhrəti muzeyində eksponat kimi saxladım. Çingiz Mustafayevi tibb xidmət mənsubları Elmidar Vəliyev və Gültəkin Əsgərova təxliyə etmişdilər", - deyə İntiqam Əsədov xatırlayıb.


Bildirilib ki, Elmidar Vəliyev və Gültəkin Əsgərova isə cəmi bir gün sonra, elə Naxçıvanlı kəndində düşmənin atdığı minaatan mərmisinin partlayışı nəticəsində həlak olublar.

Onlarla gəncin hərbi reportyor olması yolunda mayak olan, silahsız, əliyalın igidlərin təpədən dırnağa qədər silahlandırılmış erməni quldurlarının qarşısında döyüşməyə getdiyi kadrların müəllifi olan Milli Qəhrəmanımızı ehtiramla anırıq.

Xatırladaq ki, Çingiz Mustafayevi qanlı döyüş meydanından çıxaran Gültəkin Əsgərova göstərdiyi xüsusi şücaətlərinə görə (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adına, Elmidar Vəliyev isə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif olunublar.

Əminliklə qeyd etmək olar ki, artıq hər bir şəhid kimi onların da ruhu şaddır...

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO