Xəbər verdiyimiz kimi, ədliyyə nazirinin müvafiq əmrləri ilə Vüqar Ağayev Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi, Elşad Məmmədli Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi, Ləman Hüseynzadə isə mətbuat xidmətinin rəisi vəzifəsinə təyinat alıb.
Bizim.Media həmin şəxslərin dosyelərini təqdim edir:
Vüqar Ağayev
MÖVZU İLƏ BAĞLI:
Vüqar Ağayev yüksək vəzifəyə TƏYİN OLUNDU
Vüqar Ağayev 1980-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-cü ildə isə magistr dərəcəsi ilə bitirib.
O, 2002-2006-cı illərdə Bakı şəhəri Nizami rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsində böyük məhkəmə icraçısı (probasiya üzrə) vəzifəsində çalışıb. Vüqar Ağayev 2006-2013-cü illərdə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsində müxtəlif vəzifələrdə, 2013-2021-ci illərdə isə Nazirliyin Təşkilat–nəzarət baş idarəsində baş məsləhətçi vəzifəsində işləyib.
Vüqar Ağayev bərpaedici ədliyyə sahəsində nüfuzlu qurumlardan biri olan Avropa Bərpaedici Ədliyyə Forumunun (European Forum for Restorative Justice-EFRJ) üzvüdür.
O, Probasiya xidmətinin rəisi təyin edilənədək Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində çalışıb.
Elşad Məmmədli
MÖVZU İLƏ BAĞLI:
Elşad Məmmədli yüksək vəzifəyə TƏYİN OLUNDU
Elşad Məmmədli 2013-2019-cu illərdə Azərbaycan Dövlət Neft Fondunun Hüquq Departamentində hüquq məsləhətçisi və baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. Həmçinin 2017-2022-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin SABAH qruplarında mülki hüquq fənnini tədris edib.
2019-2023-ci illərdə Almaniyanın Martin-Luter adına Halle-Vittenberq Universitetində müqayisəli hüquq üzrə doktorantura təhsili alıb və həmin dövrdə mülki hüququn müxtəlif sahələrində bir çox elmi tədqiqatlar aparıb.
O, bu vəzifəyə təyin olunanadək Almaniyanın nüfuzlu “Lupp+Partner Partnerschaft mbB” hüquq şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışıb.
Ləman Hüseynzadə
MÖVZU İLƏ BAĞLI:
Ləman Hüseynzadəyə yeni VƏZİFƏ VERİLDİ
Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib.
Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb. O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğa qəbul edilib.
Bizim.Media