Bu gün Qubanın Qırmızı Qəsəbə yaşayış məntəqəsində "Qurtuluş və Nicat günü"nə həsr olunmuş sərgi baş tutub.
Bizim.Media xəbər verir ki, Qırmızı Qəsəbədəki Dağ Yəhudilərinin irdi mərkəzində reallaşan sərgi yəhudi təqviminə əsasən İkinci Dünya Müharibəsində Nasist Almaniyası üzərindəki qələbənin və yəhudi xalqının məhv edilməkdən xilas olması rəmzi olan "Qurtuluş və Nicat günü" nə həsr olunub.
Sərgidə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Qurtuluş və Nicat günü"nün tarixindən danışaraq İkinci Dünya Müharibəsində 680 min Azərbaycan əsgərinin qəhrəmancasına döyüşdüyünü və onlardan 300 min nəfərin həlak olduğunu söyləyib.
İsrailli duplomat İkinci Dünya Müharibəsində 1,5 milyon yəhudi əsgərinin də Nasist Almaniyasına qarşı vuruşduğunu, onlardan yüz minlərlə insanın döyüşlərdə həlak olduğunu xatırladıb.
"Məhz onların qəhrəmanlığı yəhudi xalqını tamamilə məhv olmaqdan qurtarıb”, deyə Corc Dik vurğulayıb.
Ay ərzində ziyarətçilərin üzünə açıq olacaq sərgi ilk dəfə keçirilir.
Sərgi insanları ortaq tarixi unutmamağa çağırış etməklə yanaşı, həm də maarifləndirmək məqsədi daşıyır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu