Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıdakı Cavanşir yolötürücüsünün söküntüsünü davam etdirir.
Bizim.Media Agentliyə istinadən xəbər verir ki, söküntü işlərinin tərtib olunmuş qrafikə uyğun yerinə yetirilməsi və yeni yol infrastrukturunun yaradılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan Cavanşir yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib.
Artıq sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsini, həmçinin Cavanşir yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyini nəzərə alaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilib.
Bizim.Media