Dünyanın döndüyünü Kopernikdən əvvəl kəşf etmiş filosof – Baba Kuhinin mağarasından VİDEOREPORTAJ 

Dünyanın döndüyünü Kopernikdən əvvəl kəşf etmiş filosof – Baba Kuhinin mağarasından VİDEOREPORTAJ 

Hazırda oxunan: Dünyanın döndüyünü Kopernikdən əvvəl kəşf etmiş filosof – Baba Kuhinin mağarasından VİDEOREPORTAJ 

189101

Salyan rayonunun Kürovdağın ətəyində yaşı min ildən çox hesab edilən Vağam mağarası ətraf ərazidə yaşayanların tez-tez üz tutduğu ziyarətgahdır. Üst hissəsi iri daşlarla örtülmüş, hündürlüyü bir metrdən azacıq artıq olan mağaraya əyilərək daxil olmaq mümkündür. Mağaranın tavanı, divarları daşdandır, çökməməsi üçün içəridə dayaqlar var. 

Mağaranın sufi sakini Baba Kuhi 

Tarixi mənbələrə əsasən Yaxın Şərq ölkələrində səyyah, böyük şair və filosof kimi tanınmış Baba Kuhi müəyyən dövrdə buraya sığınaraq sufi həyatı yaşayıb. X və XI əsrlərin qovşağında, yüz ildən artıq yaşadığı ehtimal edilən sufi səyyahın tam adı isə Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Übeydullah ibn Bakuyədir. Ziyarətə gələnlər isə onu sadəcə Baba Kuhi adıyla tanıyırlar. 

Demək olar ki, hər gün bu ziyarətgaha gələn Zülfiyyə nənə mağaranın yaxınlığında yaşayır. Artıq 80-ə yaxın yaşı olan nənə ziyarətgahın təmizliyinə nəzarət edir, sakinləri bura cəlb edir. Ali təhsilli qadınlardan olub. Dediyinə görə, vaxtı ilə NKVD-də (SSRİ Xalq Daxili İşlər Komissarlığı)  işləyən atası Sovet qadağalarına baxmayaraq ziyarətgahın dağıdılmasının qarşısını ala bilib. Onun özü də müqəddəs sayılan məkana xüsusi məhəbbətlə böyüyüb.

Sabirabad rayonundan ziyarətə gəlmiş Aynur xanım isə deyir ki, müharibə zamanı oğlu və ordumuzun qələbəsi üçün xüsusi olaraq buraya gəlib, dualar ediblər. 

Gülyanaq Niftiyeva isə hər nəvəsinin dünyaya gəlişindən əvvəl burada duasını edib, arzusunu bildirib. Elə indi də o, çətinliklə daxil olduğu mağaraya yollanır ki, Baba Kuhinin ruhunu yad etsin. 

Ziyarətə gələnlərin əksəriyyəti Kuhini tarixi şəxsiyyət kimi tanımır, onun fəlsəfi görüşləri barədə demək olar ki, məlumatlı deyillər. 

Bu mağarada yaşamış şəxs onlar üçün hansısa fövqəltəbii qüvvədir. Məhz onun dərgahında səslənən duaların Allahın hüzuruna daha tez çatdığını düşünürlər. 

Tarixçi Sahib Həsənov da Baba Kuhi irsinin hələ tam tədqiq edilmədiyi fikrindədir. Maraqlıdır ki, hər il yay aylarında İsmayıllı və Quba rayonlarının sərhədində yerləşən təxminən eyni adlı ziyarətgaha gedən bu ərazidə yaşayan sakinlər ilk olaraq Vağama gəlirlər. Kuhinin Şirazdakı məqbərəsinə də beləcə müqəddəs yer kimi yanaşılıb. Ziyarətçilər hesab edir ki, o, qeybə çəkilib. Xalq inancına görə, Kuhi Vağamdan Babadağa gedib və orada qeybə çəkilib.

Kuhi dünyanın döndüyünü Kopernikdən əvvəl deyib...

Azərbaycan səyyahlarının ən yaxşı araşdırmaçılarından olan Nurəddin Kərəmov hesab edir ki, kainatın heliosentrik sistemi haqqında o, Əbdürreyhan əl-Birunidən 30-40 il, Kopernikin kəşfindən isə 500 il əvvəl fikir söyləyib. 
Tədqiqatçılar onun elə öz əsərlərinə istinad edərək filosof Baba Kuhinin otuz min hekayət və üç min hədis yığdığını qeyd edirlər. Yeni dövrün mənbələrində ilk dəfə onun adına Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində rast gəlirik. Amma buna baxmayaraq sufi alimin həyatı elmi araşdırmaların yolunu gözləməkdədir. Nizami Gəncəvi ("İskəndərnamə"də), Sədi, Hafiz, Əbdürrəhman Cami, Nəsimi, Seyid Əzim Şirvani kimi dahi sənətkarları ona şerlər həsr etmiş, öz əsərlərində Baba Kuhini xatırlamışlar. 

Qeyd edək ki, ziyarətgah dövlətin mədəni irsi siyahısındadır. Sonda isə ziyarətini etdiyimiz sufi alimin şeirini elə onun öz məbədgahında pıçıldayırıq:

“Mənim könlüm sıxılır, ancaq cananımın eyninə deyil,

Hicrindən xəstə olmuşam, ancaq o mənə dərman vermək istəmir”.
 










Sabutay Nağı, Bizim.Media, Cənub bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO