Dövlətin aztəminatlı ailələr üçün ayırdığı ünvanlı dövlət sosial yardımı almaqda çətinlik çəkən bəzi vətəndaşların narazılıqlarına rast gəlinir. Sosial şəbəkələrdə vətəndaşlar istər elektron müraciət zamanı qarşılaşdığı çətinlik, istərsə də yardımın verilməsindən imtina hallarından gileylənirlər.
Ölkədə həyata keçirilən sosial layihələr arasında geniş yayılanı ünvanlı dövlət sosial yardımıdır. Bu yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə verilir. 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manatdır.
Yardımı almaq üçün bir sıra şərtlər var. Elə vətəndaşların da narazılığı qoyulan tələblərdəndir. Yardımı ala bilməyən vətəndaşların narahatlığı parlament üzvləri tərəfindən də səsləndirilib, bəzi qaydalarda dəyişiklik edilməsinin vacibliyi vurğulanıb.
Bəs buna alternativ nə təklif olunur? Hansı qaydaların dəyişdirilməsi vacibdir?
Mövzu barədə Bizim.Media-ya danışan Milli Məclisin üzvü Razi Nurullayev deyib ki, əsas problem vətəndaşların adında olan avtomobil və torpaq sahələrindən qaynaqlanır:
“Hökumətin hesabatı zamanı Baş nazirə Nazirlər Kabinetinin (216-cı il 5 fevral tarixli) 37 saylı qərarına dəyişiklik edilməsi ilə bağlı müraciət etmişəm. Bu qərar ünvanlı dövlət sosial yardımla bağlıdır. Bu qaydaların 3.7.2 bəndində, ünvanlı sosial yardıma müraciət edənin mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsi olduqda, qeydi var. Amma orada deyilmir ki, bu nəqliyyat vasitəsi, bəlkə, 60-cı illərdən qalma, bəlkə də dağılıb-tökülmüş traktordur...
Nəqliyyat vasitəsi adında qalıb, bəlkə də çoxdan yandırılıb gedib. Demək olar ki, hər bir kənddə ehtiyacı olan insanın nə vaxtsa adında bir avtomobil olub. 1970-80-ci illərdən qalıb, işləmir, bəziləri araba kimi ata qoşublar. İndi buna görə onlar sosial yardım ala bilməsinlər?! Ümumiyyətlə, 37 saylı qərar həqiqətən sosial yardıma ehtiyacı olanların onu almasını əngəlləyir”.
Millət vəkili hesab edir ki, bu yardımı almaq üçün iş yeri tələbi olmamalıdır:
“Ünvanlı sosial yardım haqqında qanunda deyilir ki, ehtiyac meyarının dəyərinə görə hesablama aparmaq üçün iş yerindən arayış lazımdır. Belə çıxır ki, heç kim yardım ala bilməsin deyə qanunu belə ediblər. Mən araşdırma apardım ki, yardım alan insanların sayında kütləvi azalma var. İnsanlar bunun üçün deputatalara, hökumət, icra nümayəndələrinə müraciət edirlər. Deputatlar nə qədər vətəndaşa nəqliyyat vasitəsini, torpaq sahəsini adlarından çıxarmasına kömək olub, ciblərindən pul ödəyiblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gərək özü bir subyekt kimi bununla bağlı hökumətə müraciət etsin. Yəni biz bunu təyin eləmişik, pul da var, amma verə bilmirik. Etmək istəmirlər. Bu qaydalar dəyişilməsə, ünvanlı sosial yardım alanların sayı azalacaq və insanlar getdikcə buna nifrət edəcəklər. Prosesi o qədər ağırlaşdırıblar ki, insanlar bezib müraciət də etməyəcək”.
Deputat qeyd edib ki, bunun əvəzinə ailələrə uşaq pulu verilsə, problem həll olunmuş olacaq:
“Dövlətin 30-dan çox sosial proqramları var. Əlillər, kimsəsiz ailələr, başsız qadınlarla bağlı olan layihələr qalsın, digərləri, yəni çoxuşaqlı ailələrə, uşaqlara verilən məbləğlər dayandırılsın, əvəzində uşaq pulu verilsin. Sosial yardımın alınması üçün qaydalar, maddələr o qədər çox və dolaşıqdır ki, heç özümüz oxuyub baş çıxara bilmirik. Yazıq camaat haradan anlayacaq?! Bunun ən yaxşı yolu bunların hamısını ləğv edib əvəzində uşaq pulunun verilməsidir”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 03.04.2024
“Ünvanlı sosial yardımla bağlı bu qaydalar dəyişməsə, müraciət edənlərin sayı azalacaq” – DEPUTAT
Hazırda oxunan: “Ünvanlı sosial yardımla bağlı bu qaydalar dəyişməsə, müraciət edənlərin sayı azalacaq” – DEPUTAT
Hazırda oxunan: “Ünvanlı sosial yardımla bağlı bu qaydalar dəyişməsə, müraciət edənlərin sayı azalacaq” – DEPUTAT
185332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.