Üç ayda 27 uşaq ÖVLADLIĞA verilib - Kimlər başqalarının uşağına valideyn ola bilməzlər?

Üç ayda 27 uşaq ÖVLADLIĞA verilib - Kimlər başqalarının uşağına valideyn ola bilməzlər?

Hazırda oxunan: Üç ayda 27 uşaq ÖVLADLIĞA verilib - Kimlər başqalarının uşağına valideyn ola bilməzlər?

184600

Valideynlik bir vəzifə, borc, öhdəlik olsa da təəssüf ki, müəyyən vaxtlarda küçəyə atılan, imtina edilən körpələrə rast gəlirik. Övladı olmayan və yaxud övladı olsa belə valideyn himayəsindən məhrum olan, qayğısız uşaqlara qucaq açmaq istəyən ailələr mövcuddur. Bu isə qanunvericiliklə müəyyənləşir. Həmçinin övladlığa götürmə ilə bağlı müəyyən qayda və şərtlər var.

Sosial Xidmətlər Agentliyinin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında övladlığagötürmə ilə bağlı 62 müraciət daxil olub və 27 uşaq övladlığa verilib. Bildirilib ki, övladlığa götürülən uşaqlardan 10 nəfəri ögey ata (ana) tərəfindən, 9 nəfəri qohum tərəfindən övladlığa götürülüb.

Agentliyin yanvar ayında açıqladığı məlumata görə, 1 noyabr 2019-cu ildən bu ilin yanvar ayına qədər 504 uşaq övladlığa verilib. Onlardan 253-ü oğlan, 251-I isə qızdır.

Bəs qaydalar nədən ibarətdir, kimlər övladlığa uşaq götürə bilərlər?

Qanuna görə, hər iki cinsdən olan, Ailə Məcəlləsinin 121.1-ci və 121.2-ci maddələri ilə müəyyən edilən tələblərə cavab verən şəxs (şəxslər) övladlığa uşaq götürə bilərlər. Lakin burada istisna hallar mövcuddur.

Kimlər başqalarının uşağına valideyn ola bilməzlər?

Qanun deyir ki, məhkəmə şəxsi fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edərsə, onlar bu hüquqdan məhrum edilirlər. Həmçinin, məhkəmə qərarı ilə valideynlik hüququndan məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslərin də övladlığa uşaq götürmək hüquqları tanınmır.

Qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər bu siyahıya aiddirlər. Müəyyən məsələlərə görə ağır cinayət törədərək məhkum olmuş şəxslər də bu hüquqdan məhrum ediliblər.

Səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyənlər də övladlığa uşaq götürə bilməzlər.

Bəs hansı xəstəlik təsdiqləndikdə övladlığa uşaq götürmək mümkünsüzdür?

Aktiv və xroniki vərəm, bədxassəli onkoloji, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion və ruhi xəstəliklər bura aiddir.

Övladlığa uşaq götürmək üçün önəmli şərtlərdən biri də gəlir məsələsidir. Odur ki, ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olan şəxslər valideynlik edə bilməzlər.

Bəs evli olmayan şəxslər də övladlığa uşaq götürə bilərmi?

Övlad götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır. Lakin aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Övladlığa uşaq götürmək istəyən nikahda olan şəxslərin ən az 25 yaşı olmalıdırsa, subay şəxslərdə bu tələb 30-dur. Təbii ki, bu tələblərin hamısında ögey ata (ögey ana), habelə qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisnadır.

Xarici vətəndaşların necə Azərbaycanda övladlığa uşaq götürmələri mümkündür?

Övladlığa uşaq götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin adambaşına düşən orta aylıq gəliri yaşadığı ölkənin orta aylıq əməkhaqqının 2 mislindən az olmamalıdır. Lakin nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin övladlığa uşaq götürməsinə yol verilmir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO